Əbülfəs Qarayevə cinayət işi açıla bilərmi? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun əməlləri ilə bağlı detallar bəlli olub. Z.Sultanov istintaqa ifadəsində aldığı rüşvətin böyük hissəsinin keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevə verdiyini deyib. Zakir Sultanov mədəniyyət abidələri və binalarının təmir-tikintisi üçün tenderdə qalib olmaq istəyən şirkətlərdən pul alıb. Onun sözlərinə görə, aldığı pulları keçmiş nazirin xidməti otağında ona şəxsən təqdim edib. Z.Sultanovun ifadələrinə əsasən, Ə.Qarayevə verdiyi pulların ümumi məbləği 2,5 milyon manatdan çox olub.
Maraqlıdır, Z.Sultanovun ifadəsi əsasında keçmiş nazirə cinayət işi açıla bilərmi?
Mövzu ilə bağlı Reallıq Tv-nin suallarını hüquqşünas Şamil Paşayev cavablandırıb. O bildirib ki, əməllər sübut edilməlidir:
“Nəzərə almaq lazımdır ki, cinayət işi istintaqı zamanı şəxslərin məsuliyyətə cəlb olunması məsələsi sübutların mümkünlüyü ilə həll edilir. Əməllər sübut edilməlidir. Ümumiyyətlə, cinayət qanunvericiliyinin tələbinə görə məlumatlar, ifadələr, sənədlər yaranma mənbəyinə, həqiqiliyinə, əldə edilməsi hallarına şübhə yoxdursa, sübut kimi qiymətləndirilə bilər. Bundan başqa nəzərə almaq lazımdır ki, ifadələrin sübut hesab edilməsi hadisənin, hadisənin səbəbini, xarakterini, inkişafını bilavasitə anlayan və qavrayan şəxslərin məlumatı olmalıdır və nəticələrə əsaslanmalıdır. Şahid ifadələri, eyni zamanda, zərərçəkən və təqsirləndirilən şəxslərin ifadələri digər sübutların məcmusu ilə sübuta yetirilirsə və uzlaşırsa, bu zaman sübut növü kimi qiymətləndirilə bilər. Sübut növü kimi qiymətləndirilən ekspert rəyləri, şahid ifadələri, məhkəmə hərəkətlərinin protokolları, maddi sübutların hər biri ilə sübut olunursa və bunlar istintaqda istifadə oluna bilər”.
Hüquqşünas əlavə edib ki, əgər məhkəmədə şəxs cinayət əməlini törədilməsində başqa bir şəxsi suçlayırsa, məhkəmə xüsusi qərar çıxarmalı və prokurorun diqqətini həmin məsələyə yönəltməlidir:
“Prokuror da həmin məsələ ilə bağlı araşdırma aparma, ya cinayət işinin başlanması, ya da cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. Əgər istintaq zamanı təqsirləndirilən şəxs, zərərçəkən şəxs və ya şahidlərdən hər hansı birinin cinayət etməsi barədə xəbər verirsə, bununla bağlı istintaq zamanı sübutların qiymətləndirmə qərarında həmin şəxsin əməlinə qiymət verilməlidir. Ümumiyyətlə, şəxsləri bir ifadə ilə məhkum etmək istintaq praktikasında mümkün deyil. Bu, qanunvericiliyin tələbinə ziddir. Şəxsi məhkum etmək üçün sübutların məcmusu toplanmalı və şəxsə qarşı ittiham irəli sürülməlidir. Bir ifadə ilə hər hansı şəxsi məhkum etmək mümkün deyil. Çünki ifadə verən sabah öz ifadəsini dəyişə də bilər. Belə olan halda cinayət işi havada qalır”.