Əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfova vəfat edib.
Bu gün Azərbaycanın əməkdar jurnalisti, publisist, nasir, 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Svetlana Hacı qızı Nəcəfova vəfat etmişdir.
Svetlana Hacı qızı Nəcəfova 1938-ci il iyulun 8-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955-1960-ci illər Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alır. Əmək fəaliyyətinə 1961-1964-cü illərdə “Pioner” jurnalı redaksiyasında texniki redaktor kimi başlamış S.Nəcəfova 1964-1973-cü illərdə orada şöbə müdiri vəzifəsində çalışıb. 1973-1977-ci illərdə “Azərbaycan qadını” jurnalı redaksiyasındaşöbə redaktoru, 1977-1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-2003-cü illər “Respublika” qəzeti redaksiyasında humanitar problemlər şöbəsinin müdiri, 2003-2008-ci illər isə Teleradio şirkətinin əməkdaşı olmuşdur. Hazırda təqaüdə çıxan S.Nəcəfova eyni zamanda Azərbaycanda qadın hərəkatında fəal iştirak etmişdir. Ramiz Əliyarov ilə aillə quran Nəcəfovanın qızı Nərgiz Əliyarova Azərbaycanın əməkdar artistidir.
Fəaliyyəti
Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiyanın sülhməramlı səfiri olan yazıçı həm də Azərbaycan Qadınlar assosiasiyası rəyasət Heyətinin üzvü seçilmişdir. İstanbulda keçirilən türk qadınlarının I qurultayının iştirakçısı olmuş Svetlana xanım eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibidir. ABŞ-ın “kim kimdir?” nəşrinin 2008-ci il nominatlarının siyahısına bioqrafiyası daxil edilib. Ədəbi yaradıcılığa 60-cı illərdən başyalan yazıçının publisistik məqalələri, oçerq və hekayələri dövri mətbuatda dərc olunmuşdur.
Kitabları
- “Qırmızı qalstuklar klubu” (1966);
- “Ömrə sevinc gətirənlər” (1984);
- “Hər ömür nəğmədir” (1988);
- “Biz beynəlmiləlçilərik” (1988);
- “Onun taleyi” (1990);
- “Azərbaycanın qeyri-hökümət qadın təşkilatları” (2002).
Mükafatları
Ədəbi publisistik fəaliyyəti yüksək qiymətləndirilmiş S.Nəcəfova 1971-ci ildə “Əməkdə fərqlənməyə görə” medalına, 1974-cü ildə Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin Fəxri Fərmanına, “Qızıl Qələm“, “Məhsəti Gəncəvi“, “Sara Xatun“, “Vətən“, “Humay“, “Dan ulduzu“, “Araz” ali mediya və s. mükafatlarına layiq görülmüşdür.
Mətbuat Şurası da S. Nəcəfovanın vəfatı ilə əlaqədar nekroloq yayıb.
Biz də Realliq.TV olaraq həmkarımızın vəfatı ilə bağlı ailəsinə başsağlığı veririk.
Tanrı rəhmət eləsin.