Ərdoğanın Paşinyandan dərhal sonra Putinlə danışması…

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk dəfə telefon danışığından bir neçə saat sonra rusiyalı həmkarı Vladimir Putinlə də telefonla danışması təsadüfi deyil.

Reallıq Tv. xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Ərdoğanla Ermənistan Baş naziri Paşinyan arasında telefon danışığına münasibət bildirərkən qeyd edib.

O bildirib ki, Türkiyə və Ermənistan təsmilçiləri son görüşdə razılıq əldə ediblər:

“Bu razılığa görə, üçüncü ölkələrin vətəndaşları Ermənistan-Türkiyə sərhədindən istifadə imkanı əldə ediblər. Bunu ikitərəfli dialoqda və danışıqlarda kiçik irəliləyiş saymaq olar. Bu irəliləyişi iki dövlətin lideri vurğulamalı idilər və bunun üçün telefon danışığına ehtiyac var idi. Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Cümhurbaşqanını Qurban bayramı, Rəcəb Tayyib Ərdoğan isə Paşinyanı qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib. Bundan başqa liderlər Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər. Yaxın gələcəkdə iki ölkə liderinin beynəlxalq konfrans çərçivəsində görüşəcəyi də istisna deyil. Böyük ehtimalla bu görüşü hazırlamaq üçün hər iki ölkənin diplomatlarına tapşırıq verilib.

Erməni mətbuatı bir neçə gün öncə belə bir xəbər yaymışdı ki, Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla telefonla danışmaq üçün Kreml sahibindən icazə istəyib. Putin Ankara-İrəvan dialoqunun əleyhinə olmadığından liderlərin telefon danışığına müsbət yanaşıb. Rəsmi xəbərlərdə Putinlə Ərdoğanın telefon danışığında BMT-nin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhliz planının və Ukraynadakı durumun müzakirə edildiyi bildirilsə də, Ankaranın İrəvanla apardığı dialoqun mövcud vəziyyəti barədə də fikir mübadiləsinin aparıldığı şəksizdir.

Bu gedişatın Azərbaycanla hansı əlaqəsi var? Birincisi, Ankara İrəvanla təmaslarını Bakı ilə əlaqəli şəkildə həyata keçirir. Bu isə o deməkdir ki, Bakı Ankara ilə İrəvan arasındakı son razılaşmaları və liderlərin telefon danışıqlarının əleyhinə deyil. İkincisi, bölgədə gərginliyin azalması üçün Ərdoğanın irəli sürdüyü 3+3 platformasının işlək olmasına ehtiyac var. Bu məqsədlə Ankara-İrəvan dialoqu zəruridir. Ancaq bu o demək deyil ki, bu dialoq bütün istiqamətlərdə müsbət nəticələr verəcək. Ümumi gedişatın müsbət nəticələnməsi üçün Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, hər iki ölkəyə qarşı ərazi iddialarından və separatizmi dəstəkləməkdən vaz keçməlidir. Bu baş verməyincə ümumi nəticə müsbət olmayacaq”.