“Əsgərlərin meyitlərini qurd basmışdı” – Ermənistanda qalmaqallı məhkəmə prosesi

2020-ci ildə 44 günlük Vətən müharibəsində məhv edilmiş erməni hərbçilərin meyitlərinin həftələrlə morqlarda qalması, gizlədilməsi vəkil Qarik Qaleyanın məhkəməyə üz tutmasına səbəb olub.

Reallıq Tv. erməni mətbuatına istinadən xəbər verir ki, iyulun 12-də Kotayk vilayətinin məhkəməsində ölən erməni hərbçilərin meyitlərinin və qalıqlarının həftələrlə morqlarda qalaqlanmış halda qalması və ictimaiyyətdən gizlədilməsi üzrə iclası keçirilib.

Vəkil bildirib ki, meyitlərin ortalıqda qalmasına görə, səlahiyyətli şəxslər cəzalandırılmalıdır.

“Baş Prokurorluq məsələ ilə bağlı cinayət işi açmışdı. Baş nazir Nikol Paşinyanın göstərişi ilə xidməti araşdırma təyin edildi, bəzi valideynlər çağırılıb dindirildi. Sonda cinayət işinə xitam verilib”, deyə vəkil bildirib.

Məhkəmə iclası zamanı məlum olub ki, kimliyi açıq-aydın məlum olan 30-a yaxın meyit və ya qalıq qeyri-münasib şəraitdə saxlanılıb.

Həlak olan hərbçilərdən birinin qohumu Arsen Qukasyan məhkəmə iclasından sonra bildirib ki, morqun rəhbərliyi onlara yer olmadığını deyib: “Dedilər ki, soyuducu xarab olub. Bu, bizim oğlanların meyitlərinə qarşı ilk pis rəftar deyildi. İlk hadisə Kafan meyitxanasında olub. Meyitləri qurd basmışdı. Meyitləri təmizləyib valideynlərinə verdik ki, o dəhşətli mənzərənin şahidi olmasınlar”.

Məhkəmənin növbəti iclası avqustun 3-də keçiriləcək və məhkəmənin qərarı dərc olunacaq.