29 il sonra Şuşa şəhərində ” Xarıbülbül ” festivalı
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı başlayır.
Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival 12-13 may tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.
Realliq.tv bildirir ki, “Xarıbülbül” Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Musiqi festivalı ilk dəfə 1989-cu ilin 21 may tarixində Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.
Festivalın sonralar da keçirilməsi 1992-ci il mayın 8-də Şuşanın Ermənistan tərəfindən işğalı ilə əlaqədar dayanmışdı.
44 günlük vətən savaşından sonra Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhərinin düşməndən azad edilməsi ” Xarıbülbül ” musiqi festivalının da bərpa edilməsinə səbəb oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən birinə çevrildi.
Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.
Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.
Bununla yanaşı, verilən məlumata görə, dəvət olunan bir sıra mədəniyyət xadimləri səhhəti ilə əlaqədar festivalda iştirak edə bilməyəcək.