Abdullah Ağar : “Ermənistanın Qaragöl ətrafındakı təxribatları heç bir nəticə verməz “

Türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert  Abdullah Ağar mediaya açıqlamasında bildirib ki, Beynəlxalq hüququn qanunları işləyərsə, Ermənistanın Qaragöl ətrafındakı təxribatları heç bir nəticə verməz, hətta əlindəki bəzi torpaqları da itirmək məcburiyyətində qala bilər. Çünki Azərbaycanın oradakı haqlı müdaxiləsi Rusiyanın (SSRİ nəzərdə tutulur – red.) çəkdiyi xəritələrə əsaslanır.

Ekspert bildirib ki, Türkiyə bu saatdan sonra hər vəziyyət və şəraitdə Azərbaycanın yanında yer alacaq:

“Buradakı problem nədir?! Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan sərhədləri pozaraq Qarabağa girmişdi. O gündən bu günə Qarabağ sərhədlərini öz torpaqları kimi qəbul edirlər. Azərbaycana qarşı çox böyük bir haqsızlığın şahidiyik. Burada böyük beynəlxalq hüquq və sərhəd pozuntusundan söhbət gedir. Amma Ermənistan o arsızlığı ilə hələ bir cürət edib, haqq tələbindədir, lakin sonuna qədər haqsızdır. Bunu özləri də bilir, bunu Rusiya da bilir. Ermənistan düşünür ki, bu yolla Azərbaycandan nəsə qoparda bilər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın nahaq olduğu istəklərini niyə qəbul etsin axı?! Sən bir ölkənin torpağını işğal edəcəksən, o ölkəyə qarşı təcavüz edəcəksən, ondan sonra mənim ölkəmə hücum edən, mənim torpağımı işğal edən Ermənistanı öz ərazisində vurmayacam? Belə bil beynəlxalq hüquq, beynəlxalq norma ola bilərmi? Əgər o, mənim ölkəmə hücum edə bilirsə, mən də lazım olduğunda özümü müdafiə məqsədi ilə mənim torpağıma hücum edən Ermənistanı tərki-silah etmək üçün bir əks-reaksiya ortaya qoya bilərəm. Məncə, Ermənistan KTMT-ni öz mənfəətlərinə uyğun olaraq çirkin bir şəkildə istifadə edir.

…Məncə artıq KTMT-nin Erməmistanın etmiş olduğu beynəlxalq hüquqa zidd olan təcavüz xarakterli hərəkətlərini sorğulamasının zamanı gəlib və keçməkdədir. Yəni Ermənistan Azərbaycan torpaqlarına təcavüz edəcək, Azərbaycan Ermənistana heç bir şey etməyəcək?! Belə bir beynəlxalq qanun harada var?”