Abşeronun kanalizasiyası Xəzərə axır – fəlakətdən çıxış yolu nədir?

“Lökbatan, Ələt, Sənqaçal, Türkan, Pirşağı, Kürdəxanı, Nardaranda tullantılar birbaşa dənizə axıdılır”

İllər öncə açıqlama verilmişdi ki, Abşeronda kanalizasiya xətlərinin birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınıb. Lakin mütəmadi olaraq yayılan fotolar, videolardan görünür ki, Bayıl istiqamətində, Pirşağıda, Sumqayıtda, Novxanıda, Qaradağda və s. dənizə çirkab suların axıdılması davam edir. Sumqayıtda dənizin suyu azalıb deyə, kanalizasiya xətləri çöldə qalıb və çirkab suların Xəzərə axıdılmaqda davam etdiyi şəkillərdən görünür. Hövsanda da eyni durumdur.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı “Yeni Müsavat”a bildirdi ki, problemin qarşısının alınması üçün mütəmadi olaraq tədbirlər görülür: “Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün Novxanı-Sumqayıt-Corat istiqamətində 15 km-ə qədər kollektor inşa edilib. Lakin problemlər hələ də qalmaqdadır.

Lökbatan, Ələt, Sənqaçal, Türkan, Pirşağı, Kürdəxanı, Nardaranda ictimai-iaşə obyektləri və sair müəssisələrin tullantıları birbaşa dənizə axıdılır. Həmin ərazilərdə təmizləyici qurğular quraşdırılmayıb. Abşeron yarımadası üzrə master planda 11 ədəd tullantı sutəmizləyici qurğunun tikintisi və yenidən qurulması əks olunub. Ələtdən Sumqayıta qədər 11 nöqtədə -Pirşahı, Pirallahı, Türkan, Ələt, Lökbatanda sutəmizləyici qurğuların tikilməsi, Hövsan, Sahil, Sumqayıtdakı sutəmizləyici qurğuların yenidən qurulması və emal gücünün artırılması nəzərdə tutulub. Pirşağıda sutəmizləyici qurğu inşa edilib, bu il istifadəyə veriləcək. Qurğu sutkada 40 min kub su təmizləmək qabiliyyətinə malikdir. Hazırda həm Zabrat, həm də Pirşağı dənizkənarında gətirici xətlərin tikintisi davam edir. Zabratdan gələn kollektorun istismara verilməsi planlaşdırılır və bununla da qurğu işə düşəcək. 2023-cü ildən dənizkənarı kollektorun istismara verilməsi nəzərdə tutulur. Təkcə, bu qurğu Bakı ətrafında 11 qəsəbənin-Novxanıdan başlayaraq Maştağaya qədər, Zabrat, Məhəmmədi, Digah, Fatmayi, Goradil, Pirşağı, Kürdəxanıda tullantı sularının təmizlənməsi planda öz əksini tapıb. Həm investisiya, həm də fiziki baxımdan irimiqyaslı işlərdir, bu baxımdan mərhələlərlə icra olunacaq”.

Qeyd edək ki, bu yaxınlarda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinq keçirib.

Müayinələrin nəticələrinə görə Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb. Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya-mühafizə zonalarında isə dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi müəyyən edilib. Qeyd olunan çimərliklərin suyunda mikrobioloji çirklənmə göstəriciləri normadan çox olub. Həmçinin, aparılmış monitorinqlər zamanı Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan, Pirşağı çimərliklərinin sanitariya-mühafizə zonalarına buraxılan tullantı çirkab suları ilə çirkləndirilməsi səbəbindən dəniz suyunun mikrobioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib. Sumqayıt şəhər çimərliyində aparılmış monitorinq zamanı laboratoriya müayinəsinə götürülmüş dəniz suyu nümunələrində mikrobioloji çirklənmə göstəricisi olan bağırsaq çöpləri qrupu bakteriyaların sayı normadan çox olub.

Bu il ərzində çimərlik mövsümündə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, Səbail rayonun Şıx, Qaradağ rayonun Sahil, Suraxanı rayonun Hövsan, Xəzər rayonun Türkan, Sabunçu rayonun Pirşağı çimərliklərinin və göstərilən ərazilərdə qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq olaraq qərarları qüvvədə saxlanılıb, həmçinin Sumqayıt şəhər çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərar qəbul olunub.