Arda Turan Messidən yazdı

“Barselona”da Lionel Messi ilə komanda yoldaşı olan Arda Turan argentinalı ulduzun klubdan ayrılmasına münasibət bildirib.

Fanat.az xəbər verir ki, türk futbolçu bu barədə “İnstagram” səhifəsində paylaşım edib.

“Səninlə tanış olmaq, “Barselona” kimi böyük bir klubun soyunub-geyinmək otağını və meydançasını paylaşmaq mənim üçün böyük bir şərəfdir. Sən sadəcə meydançanın deyil, tarixin ən böyüyü idin və belə də qalacaqsan”, – deyə Arda yazıb.

Qeyd edək ki, Arda Turan 2015-2020-ci illər arası “Barselona”nın futbolçusu olub. 2018-2019-cu illər mövsümünü icarə əsasında “Başakşəhər”də keçirib. 2020-ci ildə Kataloniya klubu ilə müqaviləsi bitən türk yarımmüdafiəçi “Qalatasaray”a keçib. O, “Barselona”nın heyətində 36 oyunda meydana çıxıb.

Xatırladaq ki, avqustun 5-i “Barselona” Lionel Messinin klubdan getdiyini açıqlayıb.