“Arye Qut və Azərbaycan həqiqətləri” mövzusunda onlayn toplantı keçiriləcək

Azərbaycan Dillər Universitetində “Arye Qut və Azərbaycan həqiqətləri” mövzusunda onlayn dəyirmi masa keçiriləcək.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Realliq.TV – yə verilən verilən məlumata görə, dəyirmi masa 26 may saat 14:00-da təşkil ediləcək.

Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla, İsrailin Azərbaycandakı səfirinin birinci müavini Doron Peer, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, millət vəkilləri Qənirə Paşayeva, Anatoli Rafailov, Ceyhun Məmmədov, ADU-nun Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva, ADU-nun İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin müdiri Emilya Xudiyeva çıxış edəcək.

Arye Qut 1975–ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirərək, gənc yaşlarında BDU-da müəllim kimi fəaliyyət göstərib. Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır.

2000-ci ildən İsrailə köçən Arye Qut İsrail-Azərbaycan münasibətlərinin inkişafında, İsraildə Azərbaycan diasporunun fəaliyyətində daim fəal iştirak edib.

Hazırda Arye Qut İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısıdır. 2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.

Arye Qut Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalənin müəllifidir. O, müxtəlif ölkələrin mətbuatında Azərbaycanın mövqeyini dəstəkləyib, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.

Tədbirdə iştirak etmək istəyənlər bu link vasitəsi ilə qoşula bilərlər.