Azərbaycan kinosunun 66 yaşlı “Həzi Aslanov”u
Bu gün Azərbaycanın ən dəyərli teatr və kino aktyorlarından biri , Azərbaycan Respublikasının Xalq Artisti (1998), Prezident təqaüdçüsü (2018-ci ildən), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası olan Ramiz Novruzun( Novruzov Ramiz Qəvvam oğlu ) doğum günüdür.
66 yaşı
Bir-birindən bənzərsiz roların mahir ifaçısı olsa da, Azərbaycan kino tamaşaçısının yaddaşında “Sizi dünyalar qədər sevirdim” filmindəki general Həzi Aslanov obrazı ilə qalıb.
Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç (“Maskarad”, M.Lermontov), Məsxərəçi (“Muradın kələkləri”, T.Kazımov), General Şıxlinski (“Bütün Şərq bilsin”, Nəriman Həsənzadə) rollarını ifa edib.
O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Akademik Milli Dram Teatrında bir-birndən bənzərsiz obrazlar yaradıb.
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və s. rollara çəkilib.
H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası” (Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra” (Antonio), O.Kamalın “Dodaqdan qəlbə” (Kənan bəy), “Yad qızı” (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazmış və bunlardan ikisi tamaşaya qoyulmuşdur. İlk pyesi olan “At ilinin birinci ayı” adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulmuşdur. 1992-ci ilin sonunda həmin pyes AzTV-də rejissor B. Osmanovun quruluşunda çəkilmişdir. R. Novruz öz pyesində Murad rolunda oynamışdır.
1996-cı ildə yazdığı “Hələ sevirəm deməmişdilər” pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulmuşdur. Bundan əlavə Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və rejissor kimi tamaşaya qoymuş, həmçinin bu əsərdə Attillio rolunu ifa etmişdir.
Beynəlxalq Teatr festifallarının mükafatçısıdır.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. Müxtəlif illərdə Prezident Mükafatına layiq görülmüşdür. may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Tanrıdan dəyərli sənətçimizə çan sağlığı, yeni-yeni səhnə uğurları diləyirik.
66 yaşınız qutlu olsun !