Azərbaycan mediasının tarixində əlamətdar hadisə

Azərbaycanın işğaldan azad edilmiş ərazilər tədricən beynəlxalq təşkilatların öz tədbirlərini keçirdikləri məkana çevrilir. Artıq Şuşada bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər, Suqovuşanda isə beynəlxalq idman yarışı keçirilib. Qarabağda genişmiqyaslı yenidənqurma, bərpa-tikinti içləri geniş vüsət aldıqca həmin ərazilər həm turistlər üçün, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün daha çox cəlbedici olur. Şuşa bu dəfə jurnalistlərə qucaq açıb. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu işə başlayıb.

Junalistlər Şuşada işğal dövründə erməni vandalizminə məruz qalmış tarixi-memarlıq və dini abidələri, eləcə də füsun­kar təbiət mənzərəsinə malik Cıdır düzünü ziyarət ediblər. Media nümayəndələri erməni vəhşiliyinin şahidi olublar. Həmçinin Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri və yeni infrastruktur layihələri ilə tanış olublar.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən bir müddət sonra tədricən müstəqil siyasət yürüdən, müasir, güc­lü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətə çevrildi. Ulu öndər Heydər Əliyevin ölkəyə qayıdışından sonra demokratik prinsiplərin inkişafına xüsusi önəm verildi. Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişa­fında da əsaslı dönüş yaratdı. Müstəqil mətbuatın fəaliyyətinə geniş meydan verildi. Mətbuatda senzura ləğv edildi. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının forma­laşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoydu.

Ulu öndərin bütün sahələr üzrə siyasi kursunu layiqincə yerinə yetirən Prezident İlham Əliyev də söz və mətbuat azadlı­ğının inkişafını diqqət mərkəzində sax­ladı. Dövlət başçımızın səyi nəticəsində ölkəmiz informasiya blokadasından azad edildi. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri baş tutmadı. Biz, Vətən müharibəsi zamanı da bunun şahidi olduq. Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynadı. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirir. Media nümayəndələrinin Şuşaya səfəri də bundan xəbər verir.

Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciətində bu səfərin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Dövlət başçımız dedi ki, müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.

Dövlət başçımız media nümayəndələrinə öz tövsiyələrini də verərək dedi ki, vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalı­dırlar.