Bərdə-Ağdam avtomobil yolunun tikintisi başladı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlayıb.

Qurumdan verilən məlumata görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Bərdə-Ağdam avtomobil yoludur.

Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44.5 kilometr təşkil edəcək.

Dövlətimizin başçısının tapşırığına əsasən Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Artıq Bərdə-Ağdam avtomobil yolunun 14-21 və 35-41-ci km-lik arasında olan hissələrində tikinti işlərinə start verilib.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.