Bəxti gətirənlər və gətirməyənlər

Sosial media xalqın üzünə açılandan bəri öz dərin analizləri, hər baş verən hadisəyə operativ reaksiyaları ilə seçilən fəal istifadəçilər tez-tez yazırlar ki, bu ölkədə doğulmaqla bəxtləri gətirməyib.

Bir tərəfə baxanda düz deyir, o biri tərəfə baxanda düz demirlər. Yəni bu, yumşaq desək, mübahisəli məsələdir. Bəzi kateqoriyadan olan insanların burada doğulub yaşamaqla bəxtləri gətirib, bəzilərininki gətirməyib.

Məsələn, yazıçılarımız hesab edirlər ki, bəxtləri gətirməyib, Avropada yaşamırlar, ədəbi mərkəzlərdən uzaqdadırlar, ona görə də Nobel mükafatı o tərəfə dursun, heç Pulitser mükafatı da ala bilmirlər.

Cinsi azlıqlar bu fikirdədirlər, bəxtləri gətirsə, Fransada, Hollandiyada yaşasalar, daha xoşbəxt olardılar, bir cinsli ailələr qurardılar, da küçədə ağzıqara yeniyetmələr onları barmaqla göstərib bir-birinə “petuxdu e, bu, ala” deməzdilər.

Bu kimi qənaətlər çoxdur. Xarici ölkələrdəki yaşayışa dair bəzi rəylər sırf “yel əsib, qoz tökülüb” janrındadır. Amma reallıq başqadır, çox acıdır. Xaricdə, başqa ölkələrdə yaşamadıqlarına görə bəxti gətirənlərimiz qat-qat çoxdur.

Məsələn, intizamsız və dalaşqan sürücülərimizin bəxti gətirib ki, bu hirs-hikkə ilə Amerikada yaşamırlar, yoxsa hərəsiinn belində bir tapança olan olan amerikalı həmkarlarıyla yol verməmək, pis-pis manevr etmək üstündə höcətləşər, dalaşar, axırda tapançalarını çıxarıb atışardılar. Burada qəti qorxusu yoxdur, eləcə, salonda “eşşəyin sürüşünə bax e” deyə yola verirlər. O da ya eşitmir, sürüb gedir, ya da eşidir, “eşşək özünsən” deyir, yeni ya sürüb aralaşırlar, ya da yüngülvari əlbəyaxa olurlar, Söhbət bitir.

Hələ baxaq, görək, bizim sürücülərin 90 faizi Avropa ölkələrində imtahan verib sürücülük vəsiqəsi ala bilərdilərmi. And içirlər ki, universitetə girmək bir şeydir. Demək, bu sahədə çoxlarının bəxti gətirib, sadəcə, bəxti gətirməyənlər o dəlibaş sürücülərin qabağına çıxanlardır.

Narkotacirlərimizin bəxti gətirib ki, Meksikada, Kolumbiyada, Boliviyada yaşamırlar, orda olsalar, heç kəs onları tutub türməyə basmayacaq, orta məktəb məzunları kimi vinyetkalarını hazırlayıb saytlara göndərməyəcəkdilər, eləcə Saruxan klanı hücum edib Hindraks klanını gecəyə qıracaqdı, qəzetlər də manşet verəcəkdilər: “Daha bir qanlı hesablaşma – narkomafiyaların savaşında daha 45 kuryer öldürüldü”.

Korrupsionerlərimizin bəxti gətirib ki, Çində vəzifə tutmayıblar, orda onlara çətin olardı. Orada külli miqdarda dövlət malını mənimsəyən nazirləri, komitə sədrlərini və onların müavinlərini, generalları, eləcə də rayon başçılarını tutanda 6-7 il kəsib, 2-3 ildən sonra azadlığa buraxmırlar, qurğuşuna qənaət məqsədilə hərəsinin peysərinə bircə dənə güllə vururlar, yerdə qalan korrupsionerlər də hesablarını götürürlər, deyirlər, Allah kəssin elə milyonçu olmağı.

Ölkədən bezənlərin bəxti gətirib ki, Banqladeşdə, Myanmada yaşamırlar, yoxsa onları “zülm əlindən qurtulmuşlar” qrafasına salaraq Avropada qarşılayan olmayacaqdı, 300-500-ü birdən yığışıb başqa bir “xoşbəxt ölkə”yə getmək üçün rezin qayıqlarla okena çıxacaqdılar, ya Sarı dənizdə batacaqdılar, ya Qırmızı dənizdə, ya da Ağ dənizdə bədbəxt olacaqdılar.

Xəstəni bir dəfəyə 15 analizə göndərən, sonra 267 manatlıq resept yazan savadsız və vicdansız həkimlərin bəxti gətirib ki, İsveçdə, Norveçdə yaşayıb-işləmirlər. Orda bu cür axırdan əvvəlinci yollarla pul qazanmaq söhbəti yoxdur, ya iş tapmazdılar, ya da həkimlik lisenziyaları ləğv olunardı, nəticədə övladlarına ildə bir “Porşe” ala bilməzdilər.

Toy industriyasının işbazlarının bəxti gətirib ki, Almaniayada yaşamırlar, oralarda toydan böyük pul tutmaq olmur. Çnüki toy masasına 8 cür isti, 9 cür soyuq yemək düzdürən, təmtəraqlı toy keçirən, 500 nəfər qonaq çağıran, restoran sahibinə hər gecə 15-20 min pul qazandıran yoxdur, tortla, şampanla yola verirlər, gedir.

Bir sözlə, “bu ölkədə doğulduğumuz üçün bəxtimiz gətirməyib” sözünü çox da deyici olmayın. Çoxumuzun bu fərasətlə, qabiliyyətlə, xasiyyətlə yeganə yaşaya, dolana biləcəyimi yer elə buradır. 15 il Avropada yaşayan, yerli dildə bir cümlə qurmağı öyrənə bilməyən adamların yeri başqa hara olasıdır ki?