Bakı Metropolitenindən metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı açıqlama

Bakı Metropoliteni QSC-nin rəhbərliyi metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı açıqlama yayıb.

Realliq.TV  mətni təqdim edir:

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli 395 №-li Qərarı ilə 2020-ci il oktyabrın 19-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb. Qurumun 2020-ci il 28 oktyabr (№ 427), 19 noyabr (№ 450) və 8 dekabr (№ 488), 2021-ci il 16 yanvar (№ 9) və 19 mart (№72) qərarları ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılmasının müddəti uzadılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, 31 may 2021-ci il saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur.

Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək.

Qeyd edilənləri əsas götürərək, metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:

Sərnişindaşımanın təşkili və hərəkət qrafiki ilə əlaqədar

1. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq;

2. Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcək:

5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;

13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;

19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;

26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək;

3. Sərnişindaşıma fəaliyyəti dövründə Bakı metropoliteni normal iş rejimində fəaliyyət göstərəcək;

4. Qatarların hərəkəti, texniki-istismar və normativ tələblərə uyğun olaraq, mümkün optimal hərəkət qrafiki ilə təmin olunacaq;

5. Əlil arabası istifadəçisi olan sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.