Baş Prokurorluğun Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə bağlı məlumatı
Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidməti Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında AQTA tərəfindən aparılan yoxlamalar nəticəsində həmin xəstəxanada xəstələrə keyfiyyətsiz qida məhsullarının verilməsi, həmin qida məhsullarının çəkisinin şişirdilmiş şəkildə göstərilərək mənimsənilməsi və digər qanun pozunutuları aşkar edilib.
Baş Prokurorluq tərəfindən toplanan materialların öyrənilməsi nəticəsində fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Xaçmaz Rayon Prokurorluğuna göndərilib”.
“Bundan başqa, AQTA tərəfindən Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən eyni qəbildən olan qanun pozuntularının aşkar edilməsi faktı ilə bağlı Siyəzən Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”, – Mətbuat xidmətindən bildirilib.