Bütün dünya bu görüntülərdən danışır – Bayden niyə 14-cü sırada əyləşdirilib?

ABŞ prezidenti Co Bayden Kraliça II Elizabetin dəfnində şəxsi rəsmi avtomobili və mühafizəsi ilə iştirak etməyə icazə verilən yeganə dünya lideri olsa da, rəqibi Donald Trampı razı sala bilməyib.

Musavat.com xəbər verir ki, Vestminster kilsəsində keçirilmiş mərasimdə Bayden və həyat yoldaşının 14-cü sırada əyləşməsi ABŞ-da müzakirələrə səbəb olub.

Bu məsələyə münasibət verən keçmiş prezident Donald Tramp Baydenin ABŞ-ın prestijini cəmi 2 ildə bitirdiyini iddia edib:

“Prezidentimizin bəzi üçüncü dünya ölkələrinin liderləri ilə tanış olmaq üçün yaxşı fürsəti olub. Mən ölkə başçısı olsaydım, məni 14-cü sırada oturtmazdılar və ölkəmizdə hər şey indikindən çox fərqli olardı”.

Amma ekspertlərin fikrincə, Tramp prezident olsaydı, onun oturacağı sıra yenə də fərqli olmayacaqdı.

Protokola əsasən, ön sıralar kral ailəsinin üzvlərinə və kraliçanın dövlət başçısı hesab edildiyi ölkələrin liderlərinə məxsusdur.

Qeyd edək ki, Danimarkada da dəfn mərasimində iştirakla bağlı mübahisə gedir. Belə ki, Danimarka şahzadəsi Meri dəfn mərasiminə “təsadüfən” dəvət edilibmiş.

Məsələ ilə bağlı Britaniya Xarici İşlər Nazirliyi üzr istəyib.

Hər bir dövlət liderinin bir qonaq gətirməsinə icazə verildiyi halda, sentyabrın 13-də Danimarka lideri vəliəhd şahzadənin və onun həyat yoldaşının da dəfn mərasimində iştirak edəcəyini elan etmişdi.

Lakin sonradan dəvətdə yanlışlıq olduğu anlaşılıb və vəliəhd Londona həyat yoldaşı Şahzadə Meri olmadan gedib.