Cəbrayıl – azad olunan ilk şəhərimiz

O günü, o həyəcan, fərəh, qürur dolu xəbəri çox yaxşı xatırlayırıq. İki il öncə – 4 oktyabr 2020-ci ildə Cəbrayılın Ermənistanın işğalından azad olunması xəbərini Ali Baş Komandan duyurdu. Cəbrayılın 27 illik işğalına son qoyulmuşdu!

İşğalın yaxşısı-pisi olmaz, əlbəttə; ancaq söhbət Ermənistan kimi “proyekt dövlət”dən, özünü həm ən qədim həm ən çağdaş və mədəni sayan ermənilərdən gedirsə, işğal sözü tam yetərli olmaya bilər. Ermənilər Cəbrayılın daşını daş üstə qoymamış, şəhəri, qəsəbə və kəndləri viran etmişdi. Onlar yalnız Cəbrayıl sakinlərini öldürmək, didərgin salmaqla yetinməmiş, əzəl-axır geri çəkilmə ehtimalını (yaxud Cəbrayılı qanunsuz məskunlaşdırmağa gücləri çatmadığını) düşünərək əsl barbarlıqla, vandallıqla məşğul olmuş, cəbrayıllılarsız Cəbrayılın daşı, ağacı, suyu, torpağı, flora və faunası ilə də düşməncə davranmışdılar. Cəbrayıl sanki bir neçə qat işğaldan azad olmuş oldu. Cəbrayıla azad edə bilməməyimiz üçün bir neçə zolaqlı mürəkkəb mane quraşdırmış – səngərlər, tunellər qazmış, təmas xəttinə çoxsaylı minalar basdırmış ermənilər, hər keçən il bir qədər də özlərinə əmin olurdu. Belə düşünürdülər ki, Azərbaycan uzun müddət davam edən işğalla barışmaq zorunda qala bilər. Ancaq unutduqları, hesablamadıqları bir həqiqət vardı: Azərbaycan nəyin bahasına olursa-olsun öz torpaqlarını azad edəcək! Və etdik! Doğma Vətən torpaqları uğrunda canından keçən, qanını torpağa qatan, vücud sağlamlığını itirən oğullarımız ölkəmizin şanını-şərəfəini qorudu, qürurunu özünə qaytardı! Mələk adlı el-obamızı azad etməklə sonrakı əməliyyatlar üçün böyük meydan qazandıq. Düşmənin bir sıra birlikləri artıq çözülməyə başlamışdı… Bizi heç kim və heç nə öz haqq yolumuzdan, haqlı davamızdan saxlaya bilməzdi! Bilmədi də!

O günlərdən danışarkən sanki həm çox uzaq və (nə qəribədir) həm də çox yaxın günlərdən danışırmış kimi gəlir adama. Uzaq: çünki indi o torpaqlara gedib-gələ bilirik, orada qurub-yaradır, əkib-biçirik və insan özünü inandırmaq istəyir ki, uzun illər öncəki günlərdəyik – Cəbrayıl işğal olunmayıb, ermənilər illər uzunu qalib ədası ilə gəzməyib və s… Çox yaxın günlər deyirik, çünki o möcüzəvi irəliləyişimiz oldu, unikal əks hücum əməliyyatı ilə hərb tariximizə altun səhifələr yazdıq və hər gün o fərəh, qürur, sevinclə yaşamaq istəyirik. – Hər gün Zəfər iqlimindəyik – elə bil aylar öncədə qalmayıb və bu gün də Zəfərimizə yeni uğurlar qatırıq. Əslində, bu yanaşma bədii ricətdən gəlmir: qururub-yaratmağımız, iri infrastruktur layihələrimiz, azadlıqdan abadlığa keyfiyyətli və yüksək sürətli keçidimiz Zəfərin mülki davamıdır.

Bəli, şanlı ordumuz mümkün olmayanı mümkün etdi və 30 ilə yaxın gözümüzün kökünü saraldan həsrətə, dərdə qısa müddət içində son verdi.

Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. O vaxt Cəbrayıl şəhərindən savayı 4 qəsəbə və 97 kənd işğala məruz qalmışdı. İşğal dövründə Ermənistan Cəbrayıla 13,928 milyard ABŞ dolları dəyərində ziyan vurub. 1050 km2-i əhatə edən, 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana ermənilərin vandallığına uğrayaraq dağıdılıb. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid olub, 191 nəfər sağlamlığını ömürlük itirib. 6 Cəbrayıllı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İşğaldan öncəki Cəbrayıl rayonunun durumuna təbii ehtiyatlar, təsərrüfat sahələri və statistika üzərindən nəzər salmağa çalışaq:

Cəbrayılın ərazisi mərmər, mişar daşı, sement və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi (hətta neft) yataqlarının olduğu da bəllidir. İşğaldan öncə əhali əsasən əkin-biçinlə, təsərrüfatçılıqla (üzümçülük, taxılçılıq, baramaçılıq və heyvandarlıqla) məşğul olurdu. Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yayda isti, qışda soyuq çadırlarda, yük vaqonlarında və yataqxanalarda məskun­laşmışdılar…

Mədəniyyətin, maarifin, elmin inkişafı Cəbrayılda yüksək səviyyəyə çatmışdı. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışırdı. Rayonun Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı.

Cəbrayılda erməni vandalizminə məruz qalmış maddi-mədəni abidələrini yada salaq:

-Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası,
-Qalacıq kəndindəki “Məscid Təpəsi”,
-“Canqulu” və “Qumtəpə” kurqanları,
-Diri dağındakı Mazannənə,
-Mərmər nənə məqbərələri (arxeoloji),
-Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”,
-Sirik kəndindəki “Qala”,
-Diri dağındakı “Qız qalası”,
-Xudafərin körpüləri,
-Çələbilər kəndindəki Məscid kompleksi,
-rayon mərkəzindəki “Sultan Məcid hamamı”,
-Şıxlar kəndindəki “Dairəvi Türbə”,
-Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr,
-Türk qəbristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı ya məhv edilib ya da ciddi dağıntıya uğradılıb.

Cəbrayıldan olan qardaş-bacılarımızın 27 il davam edən məcburi köçkünlük həyatı, onların pozulmuş ən adi hüquqları ikili standartlar uyqulayan bir çox xarici dövlətin, bədxah quruluşların, qətnaməsi kağız üzərində qalmış qurumların vecinə olmaya bilər, ancaq biz xalq, ölkə olaraq bu ağrı-acıları yaşamışıq və heç vaxt unutmayacağıq. Unutmayacağıq ki, bir də belə zülmlərlə qarşılaşmayaq. Özünəməxsus insan mənzərələrini, əvəzsiz itkiləri, qırılan taleləri, nakam ömürləri nəinki unutmaq, əksinə yazmaq, çəkmək, araşdırmaq, yaymaq bizim mənəvi borcumuzdur. Tarixi Zəfərimiz bizə imkan verir ki, ağrı-acılarımızı sağalda-sağalda, erməni vandalizmini faktlar əsasında bütün dünyaya göstərək. Göstərək ki, bir daha yaşanmasın.

“Böyük Qayıdış”ın Cəbrayıl təvafüqlüyü

Cəbrayıl rayonunun inzibati mərkəzi 44 günlük müharibənin gedişində azad olunan ilk şəhərimiz olduğu kimi, nə təvafüqdür ki, “Böyük Qayıdış” da Cəbrayıl rayonu ərazisindən başlamışdı. Hələ 5 yanvar 1994-cü ildəki məşhur Horadiz əmə­liy­yatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il Aprel döyüşləri zamanı şanlı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Zəfərə və Böyük Qayıdışa daha da yaxın etdi.

Cəbrayılın azad olunması uğrunda aparılan döyüşlər

27 sentyabr 2020-ci ildə Cəbrayılın Böyük Mərcanlı və Nüzgar,

oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri,

4 oktyabrda isə Cəbrayıl şəhəri və daha 9 kənd – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri erməni işğalından azad edildi. Biz hər dəfə erməni işğalı deyiriksə, bu, Ermənistanın, Ermənistanın işğalı deyiriksə, dünya erməniliyinin, bütün erməni havadarlarının işğalı kimi başa düşülməlidir.

“Cəbrayılın azad olunmasına görə”!

26 noyabr 2022-ci ildə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 23 minə yaxın hərbi qulluqçusu Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Bu barədə ilk Sərəncam 24 dekabr 2020-ci ildə verilib.

Müzəffər Ali Baş Komandanın müqəddəs bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu abidə körpüdə Azərbaycan bayrağının ucaldılmasının böyük tarixi, siyasi önəmi vardır.

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev ötən iki il içində Cəbrayıla dörd dəfə səfər edib, bayraqucaltma, təməlqoyma və açılış mərasimlərində, digər tədbirlərdə iştirak edib.

16.11.2020:
• Xudafərin körpüsündə Dövlət bayrağının ucaldılması;
• Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması;
• İşğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya baxış;
• Dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış;

14.02.2021:
• Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanışlıq;

26.04.2021:
• Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış;
• Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçularla görüş;

04.10.2021:
• “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İB-nin birgə servis mərkəzinin təməlqoyma mərasimi;
• Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi;
• “Cəbrayıl” yarımstansiyanın açılışı;
• Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı;
• Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi;
• Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi;
• Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi;
• Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi.

Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işlərinə bir baxış

200 hektarı əhatə edən “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün bölgənin, o cümlədən Cəbrayıln inkişafı üçün önəmli hadisədir. Bu böyük layihə artıq icra olunmaqdadır.

Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Cəbrayıla gələn vətəndaşlar rahat gələ biləcək və buradan keçən Zəngəzur dəhlizindən faydalanacaqlar.

Onu da vurğulayaq ki, ARDNŞ və BP azad olunmuş Cəbrayıl rayonunda 240 MVt-lıq gücə malik elektrik enerjisi stansiyasının tikintisini müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda Günəş elektrik stansiyanın (və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının) tikintisi üzrə danışıqlar artıq yekunlaşmaq üzrədir.

DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva