“Cəhənnəm”dən cənnətə məktub və ya Elmar Hüseynova açıq məktub

Səni ziyarət etmək və səninlə bir az dərdləşmək üçün gəlmişəm. Bəlkə də mənə baxıb güləcəksən və bu binəvanın dərdi nədir deyə sualların var. Sualların cavabsız qalacaq, məzarına gətirdiyim gülləri buraxıb gedəcəyəm. Amma demək istədiklərim var və inan söyləyəcəklərimin cəzası olmayacaq yeganə ünvan buradır.

Özün yaxanı qırağa çəkib cənnətin bir güşəsində yaşarkən bizlərin nələr çəkdiyini yəqin eşidirsən. Son illər mətbuatımızdan cənnətə düşəcəklərin olmaması ola bilər səni geniş mənada məlumatsız buraxıb. Amma əminəm ki, media camisinin üzvü olmayan və cənnəti nurlandıran şəhidlərimizdən mətbuatımızda baş verənlər haqqında az da olsa məlumat almısan.

16 il. Bəli, 16 il bundan əvvəl Sən dünyanı dəyişmək üçün “qərar verdin”. Əslində verdiyin “qərarın” doğru olub olmadığını səninlə dartışmaq fikrindən uzaq olsamda, buna toxunacağam. Ən azından gözü yaşlı qoyduqlarını görüb buna haqq etmədiyini özün də bilirsən. Ancaq neyləmək olar. Sən yazdığın kimi, fələk də yazdığını yazdı. Aramızdan tez getdin, tələsə-tələsə fani dünyanın Azərbaycan adlı məmləkətindən “üz döndərib getdin”. Çoxları “Elmar, Elmar” deyə-deyə ağladı. Bəziləri əlinə qələm alıb səninlə keçirdiyi günləri yada salıb kağız üzərinə köçürtdü. Amma sən qərarını vermişdin. “Cəhənnəm”i cənnətə dəyişməklə yerini, yurdunu dəyişdin. Yaxşı bilirdin ki, zülmə etiraz edənlərin yeri CƏNNƏTDİR.

16 il öncə bizi “Monitor”suz, “Monitor”u da Elmarsız qoydun. Sən varkən gördüklərini qələmə aldığın kimi indi biz yaza bilmirik. Sözümüz “bitib”, səs tellərimiz isə zamanın cəllad cərrahlarının apardığı əməliyyatın qurbanı olub. Səninlə çiyin-çiyinə vuruşan əqidə yoldaşlarının yarısı dövrün köləsi, digərləri zülmün əsirinə çevrilib. Bəziləri ildə bir dəfə martın 2-si səsini çıxarır, sənin məzarını ziyarət edir, unudulmuş ünvanının qarşısında bir neçə dəqiqə şəninə təriflər yağdırırlar. Sənin “Monitor”unu sevə-sevə oxuyanlar: “Elmar Hüseynovdan yoxdur” – deyənlər, ildə bir dəfə “yaxşı yazırdı” – deyib borcunu bu yolla ödəmiş sayıb, yenə əsiri olduqları məkanlarına dönüş edirlər. Özünü, tarixini, eləcədə kimliyini unutmağa zorlananların səsinə səs verən Elmar ancaq belə xatırlanır.

Məzarını ziyarət etdim. Məndən soruşurdun: indi mətbuatımızın vəziyyəti necədir? Daşa həkk olunmuş sual dolu şəklinə baxıb həqiqəti deyə bilmədim, utandım, ruhunun əzab çəkməsini istəmədim. Ancaq bu məktubda deyəcəyəm ki, xəbərin olsun və 16 il öncə verdiyin qərarın doğru olub – olmadığını bir zaman mənə deyəsən.

Mətbuatımız 16 il öncədən bəri şox dəyişib. Sənin dövründə mətbuatımızda həmrəylik nümayiş etdirənlər indi Əli Həsənovların, kəmaləddinlərin, rövnəqlərin və bu kimi məmurların sifariş icra edən alətinə çevriliblər. Sənin dövründə “Hürriyyət”, “Azadlıq”, “Yeni Müsavat” kimi mübariz qəzetlərimiz indi onurğası sınmış yataq xəstələrini xatırladır. Vaxtilə qələmindən çıxan cümlələri ilə ordular yaradanlar indi Əli Həsənovun, Vüqar Səfərlinin, Əflatun Amaşovun verdiyi paylara görə əqidəsini satılmışlar sırasında birincilik üçün savaşırlar. Qənimət Zahid vətəndən didərgin düşüb, Azər Həsrət əqidəsini dəyişib “sahibsiz” qalıb, Rauf Arifoğlu yaxasına medallar düzərək keçmişdəki “qələt”lərinə görə əfv diləyir. Aynur Camalqızı, Aydın Quliyev, Müşfiq Ələsgərli kimi bəzi xəyanatkarlar başlarına mətbuatın “Kral tacı”nı qoyub, yenicə sözünü demək istəyənləri “beşikdəcə” boğmaqdadırlar. Hələ Arif Əliyevi, Qulu Məhərrəmlini, Elçin Şıxlını demirəm, onlar deyir, amma az deyir, zindana düşməkdən çəkinirlər, talelərinin sənin – Elmar kimi olmasından qorxurlar.

Dövr sən gördüyün dövr deyil. Sənin zamanında yazdığın tənqidə görə zindana düşmək, həbs olunmaq ehtimalı az idi. 16 il öncə jurnalisti həbs etmək üçün səbəblər axtarılardı, indi başqadır, Mətbuat Şurası adında üzəduran bir qurum var. İndi MŞ –da bizləri həbs etdirmək üçün növbəyə düzülən üzəduranlar, əqidəsiz, mənliksiz olanlar bu yolla çörək qazanırlar. 16 il öncə “Monitor”u çap edən mətbəə tapardın, indi “Reallıq” qəzetini çap etmək üçün ya mətbənin adını gizlətməlisən, yada haqsızlıqla barışmalı, sən də onlar kimi köləyə çevrilməlisən. Daha qəzetlər rüşvətxor məmurlarla mübarizə aparmır, özümüz özümüzə qənim kəsilmişik.

Yazılası çox şeyimiz var, amma uzatmaq istəmirəm. Səni də ağır dərdlərimlə yormaq, ruhunu incitmək istəmirəm. Bu günə də min şükür. Sürünə-sürünə olsa da yaşayırıq. Hələ dərdlərimizi paylaşmaq üçün kağız parçası və qələm tapa bilirik. Necə ki, indi iki kağız tapıb sənə bu məktubu yazmaqdayam. Ancaq kağızım qurtarır,. Əslində belə yaxşıdır, cox yazsam sənə haqq qazandırmış olacağam və onda verdiyin qərarda haqlı olub məni də yanına çağıracaqsan. Gəlməyinə gələcəyəm Elmar bəy, ancaq burda bir az işlərim var.

Tezliklə görüşmək arzusu ilə Qardaşım!                                                                                            

İkram Rəhimov

“Realliq.TV” İA- nın baş redaktoru