Dövlətin verdiyi evi satan məşhurlar kimlərdir?- SİYAHI

Bir müddət bundan əvvəl Əməkdar artist Cavanşir Məmmədovun Xalq artisti Aygün Kazımova barəsində “Prezidentin ona verdiyi evi qarderoba çevirib, mən olsaydım evini də, fəxri adı da ondan alardım” deməsi ictimaiyyətdə xeyli müzakirə olundu.

Həqiqətən Aygün Kazımova dövlətin ona hədiyyə etdiyi evi qarderoba çevirmişdi?

Xatırladaq ki, 2009-cu ildə Prezident İlham Əliyev Хalq artisti Aygün Kazımovaya doğum günü ilə əlaqədar 3 otaqlı ev hədiyyə etmişdi. Müğənni mətbuata açıqlamasında həmin evdə yaşamayacağını, yeni mənzildən qarderob kimi istifadə edəcəyini demişdi. Bir qədər sonra isə Xalq artistinin evi məcburi köçkün və yaxud şəhid ailəsinə bağışlamaq istədiyi haqda iddialar yayıldı. Lakin sonda məlum oldu ki, Aygün Kazımova borclarını ödəmək üçün hədiyyə olunan evini satıb. Bu barədə Xalq artistinin dedikləri:

“Ölkə rəhbərliyi sənətimə qiymət verib, mənə ev bağışlamışdı. O qədər sevinirdim ki… Fikirləşirdim ki, bu evi bəzəyəcəyəm, ora köçəcəyəm. Məni o həddə gətirdilər ki, evi satdım. Yaradıcılığımla bağlı bir layihəni həyata keçirmək üçün bu addımı atmaq məcburiyyətində qaldım. Məni tələyə saldılar. Nə dedilər, onu ödədim. Bu günə qədər sənətim sayəsində nə qazanmışdımsa, hamısını xərclədim. İndi də hər dəfə əlimə pul gələndə düşünürəm ki, bunu nəyə xərcləyim: banka borcumu verim, klip çəkdirim, yoxsa mahnı alım? Mən yaşamalıyam, böyük qızımı dolandırmalıyam. Çox peşmanam ki, o layihəyə evimi qurban verdim. Şükürlər olsun ki, canım sağlamdır. Yenə işləyib, qazanacağam. İndi yaşadığım ev də o layihənin qurbanıdır. Mən ən dövlətli müğənniyəm. Layihələrimi toplasam, orada milyardlar və ürək var. “Səni belə sevmədilər” klipinin çəkilişi üçün maşınımı satdım. Məbləği dollarla ödəməliydim. Dolların məzənnəsi yüksəlmədən onu ödəmişdim. Həyatımda ilk dəfə ağıllı iş görmüşdüm”.

Bir neçə il öncə Əməkdar artist Teymur Əmrah da Prezidentin ona hədiyyə etdiyi evi dəyişmişdi. Əməkdar artisti bu barədə televiziya proqramlarının birində demişdi:

“Evi satmamışam, buna ixtiyarım yoxdur. Çox sağ olsun, ölkə başçısı mənə mənzil bağışladı. Beşinci mərtəbə idi. Qalxa bilmirdim, ayaqlarımda duz var. Mən də o evi üzbəüz binada başqa mənzillə dəyişdim. Bura daha rahatdır”. Bu məsələdən bir neçə il keçdikdən sonra Əməkdar artist Prezidentin ona hədiyyə etdiyi evlə dəyişdiyi mənzilini satmışdı. Bu barədə ötən il onun yaxın dostu, həmkarı Elton Hüseynəliyev açıqla yaydı. “Qapı döyüldü, gördüm Teymur müəllim gəlib, cibi də dolu. Evi satıb, pulları da üstündə gəzdirir. Bir az mənə də yardım etdi. Soruşdum ki, mənzili niyə satıb. Dedi ki, vəziyyət yaxşı deyil, həm ucuz ev alım, həm də qara günə pul saxlayım. Amma yeni ev də aldı”, -deyə müğənni qeyd etmişdi.

Xalq artisti, aktyor Tariyel Qasımov da Prezidentin hədiyyə evini satan məşhurlardan biridir. Xalq artisti bir dəfə müsahibələrinin birində Xalq artistləri, mərhum sənətkarlar Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana verilən evlərin də satıldığını açıqlamışdı:

“Prezident bizə – xalq artistləri Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana və mənə, dördümüzə bir vaxtda ev hədiyyə etmişdi. Habil Əliyev birinci satdı, onun da ardınca Siyavuş Aslan. Yaşar Nuri isə elə orderi satmışdı. Mən də satıb pulunun yarısını verdim oğluma, gedib özünə maşın aldı. Bir maşın da mən aldım, yerdə qalan pula da özümə ev aldım. İndi evim “Neftçilər”dədir. Bundan əlavə, Ağstafada da ev tikdirdim”.

Bir neçə ay öncə sağlamlığında yaranan problemlərə görə xəstəxanaya düşən Xalq artisti, aktyor Ənvər Həsənov da Prezidentin ona 2019-cu ildə hədiyyə etdiyi evi sataraq, Xəzər rayonundan ev alıb. Lakin Xalq artisti aldığı evə görə peşman olduğunu açıqlayıb:

“Cənab Prezident kino sahəsindəki xidmətlərimi yüksək qiymətləndirərək məni şəhərdə hündürmərtəbəli binada 3 otaqlı mənzillə təmin etdi. Həmin evi təmir etdirmək üçün imkanım yox idi. Maraqlandım və soruşdum ki, dövlətin mənə hədiyyə etdiyi bu evi sata bilərəm? Mənə bildirdilər ki, bu evi satmağa sənə qanun icazə verir. Ona görə də şəhərdəki evi satıb, onun puluna Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivindən bağ evi aldım. Bir növ Prezidentin mənə verdiyi evlə bu evi dəyişdirdim”.