Dünya şöhrətli rəssamımız – Tahir Salahov vəfat etdi
Azərbaycan və Rusiya rəssamı, müəllim və professor, SSRİ xalq rəssamı (1973), Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Teymur oğlu Salahov 21 may 2021-ci ildə 92 yaşında Almaniyada vəfat etmişdir.
Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 1937-ci ildə atası Teymur Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilmişdir. Bu onun sonuncu iş yeri olmuşdur. 1937-ci il sentyabrın 29-da atasını həbs edib, ona trotskist-zinovyevçi əks-inqilabçı təşkilatının üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb, xalq düşməni damğası vurdular. O, doqquz aydan sonra iyulun 4-də isə güllələnmişdir. Protokolda yazılmışdı ki, istintaq zamanı Teymur Salahov özünü günahkar hesab etməyib, etiraz səsini ucaltmış, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarmış və bu qərar dərhal həyata keçirilmişdi. Evdar qadın olan anası Sona xanım beş uşaqla təkcə qalmışdır. Böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifənin 5 yaşı, körpə Leylanın isə cəmi 2 aylıq idi.
O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olmuşdur. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olmuşdur. 1955-ci ildə “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. O, 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir. Diplom işi olan “Vaxtada” əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak etmişdir. Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilmişdir və gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların əsərlərinin Beynəlxalq sərgisində iştirak etmişdir. 1958-ci ildə “Səhər eşelonu” əsərini çəkmişdir. 1959-cu ildə “Rezervuar parkı”, “Neftçi” əsərlərini çəkmişdir. O, həmin ildə sosialist ölkələrinin təsviri sənət əsərlərinin Moskvada keçirilən Beynəlxalq sərgisində iştirak etmişdir.
1960-cı ildə “Təmirçilər” və “Qara Qarayevin portreti” əsərlərini çəkmişdir. 1960–1961-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirmişdir. 1960-cı ildə “Xəzər üzərində” əsərini çəkmişdir.
1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq bədii sərgisində “Abşeron qadınları”, “Bəstəkar Fikrət Əmirovun portreti” və “Aydan” işləri ilə iştirak etmişdir.
Tanrı rəhmət eləsin !