Ekspertlər 44 günlük müharibənin səbəbləri haqqında danışdı

Bugün, sentyabrın 27-də 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasının 1 ili tamam olub. Həmin gün Azərbaycanda Anım Günü kimi qeyd olunur. Müharibə zamanı həlak olanlar 1 dəqiqəlik sükutla yad edilib, bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bəs bir il sonra baxanda o hadisələri necə dəyərləndirmək olar? O vaxt bilinməyən, sonra üzə çıxan hansısa məqamlar oldumu?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi hakimiyyətinin dəyişməsinə baxmayaraq eyni siyasət həyata keçirib. «Onlar çalışırdı ki, Azərbaycan torpaqlarını işğalda saxlaması prosesini əbədi etsinlər. Paşinyan hakimiyyətə gələndən sonra müəyyən ümidlər yarandı ki, o əvvəlki hakimiyyətin yeritdiyi siyasətdən imtina edəcək. Amma təəssüf ki, Ermənistan daha da qabağa getdi, keçmiş Müdafiə naziri Tonoyan Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürdü. Nikol Paşinyan da «Qarabağ Ermənistandır, nöqtə» dedi. Bu da danışıqlar prosesinin üstündə xətt çəkdi».

Deputat qeyd edib ki, ötən ilin iyul ayında Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı olmuşdu. «İyul-avqust aylarında müntəzəm olaraq Ermənistan Azərbaycan ərazilərini atəşə tutmuşdu. Sentyabrın 27-də isə Ermənistan tərəfi bütün cəbhə boyu artilleriya atəşi ilə bizim hərbi və mülki obyektlərimizi hədəfə aldı. Belə olan vəziyyətdə Ali Baş komandan cənab İlham Əliyev əks-hücuma keçməklə bağlı əmr verdi».

Onun sözlərinə görə, mühatibənin ilk günü artıq 6 kəndi işğaldan azad olundu. «Həmin gündən başlayaraq 44 gün ərzində Azərbaycan Silahlı güvvələri ancaq irəli gedərək düşməndən torpaqlarımızı işğaldan azad edirdi. Bunun zirvə nöqtəsi noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Müharibə gedişatında 300-dən artıq kənd və şəhərlərimiz işğaldan azad edildi».

Komitə üzvü vurğulayıb ki, Ermənistan işğal altında olan torpaqları yerlə yeksan edib. «Bizim mədəni irsimizi məhv ediblər, 67 məsclddən 65-ni tamamilə dağıdıblar, qalan ikisində isə heyvan saxlayıblar. Sentyabrın 27-də həmin barbarlığın sonunun başlanğıcı olub».

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı 27 il danışıqlar getdi və bu danışıqların nəticəsi olmayacağı aydın idi. «Biz bilirdik ki, müharibə qaçılmazdır. Amma Ermənistan tərəfi elə bilirdi ki, Azərbaycan heç vaxt müharibə başlamaz, Rusiya buna imkan verməz, başqa hesabları nəzərə alırdı».

Ekspertin sözlərinə görə, 2016-cı ildə Rusiya təzyiq etdi və Azərbaycan 4 gündən artıq savaşa bilmədi. «Amma ötən ilin yayında erməni təxribatları baş verdi və müharibəyə hazırlıqlar başladı. Müharibə 44 gün çəkdi. Savaş iki cəbhədə getdi. İkinci cəbhədə müxtəlif dövlətlərin Azərbaycana etdiyi təzyiqlər olub. Bu dəfə ermənilərin hesaba qatmadıqları Türkiyə var idi və Türkiyə Azərbaycana dəstək verdi».

Onun fikrincə son hadisələri izləyəndə görünür ki, 10 noyabr yazılı bəyanatından başqa müəyyən şifahi razılaşmalar da var. «Çünki 10 noyabrdan sonra müəyyən söhbətlər var idi, Qazaxın 7, Naxçıvanın isə 1 kəndinin qaytarılması haqqında deyilirdi. İndi isə başqa mövzu müzakirə olunur ki, Xocalı, Xocavəndin bir hissəsi, Ağdərə tərəfdə də mövqeləri Azərbaycana qaytarılacaq. Ola bilməz ki, biz 10 noyabr bəyanatına razılaşdıq, amma Xocalı məsələsini həll edə bilmədik».-