“Erməni zabit S-300-ün içindəki platanı satıb” – Paşinyan

Ermənistanın Baş Nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan seçki kampaniyası çərçivəsində keçirdiyi görüşlərdən birində ordudakı acınacaqlı vəziyyətdən danışıb. Bildirib ki, zabitlərdən biri S-300 zenit-raket kompleksinin içindən platanı cəmi 70-80 dollarlıq qızıla görə çıxarıb.

“Bizə xain deyirlər. Guya hərbi hissələrə baş çəkəndə ora “juçok” yerləşdirmişik. Bizi özləriylə müqayisə edirlər, çünki təəsüflər olsun ki, Ermənistanda S-300 kompleksinin içərisindəki platanı 30-40 min dramlıq (70-80 dollar) qızıla görə çıxaran adamlar var. Düşünə bilirsinizmi? Üstəlik bunu eləyən zabitdir”,-Paşinyan bildirib.

Bildirək ki, Azərbaycan ordusu 44 günlük müharibə zamanı Ermənistan ordusunun işğal altındakı ərazilərimizdə-Xankəndi ətrafında (Ballıca) və Qubadlı dağlarında yerləşdirdiyi S-300 zenit-raket komplekslərini (cəmi 6 buraxılış qurğusu və kompleksin tərkibinə daxil olan digər texnika) məhv edib. Başqa heç bir digər münaqişədə S-300 komplekslərinin bu cür kütləvi məhv edilməsi baş verməmişdi.