“Erməniləri yenidən itkilər və məyusluqlar gözləyir”- Levon Ter-Petrosyan

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Qarabağdakı 44 günlük müharibədəki məğlubiyyətin məsuliyyətini yalnız Baş nazir Nikol Paşinyan daşımadığını bildirib.

Erməni mətbuatının yazdığına görə, Petrosyan Paşinyanın sələflərini bu məğlubiyyətdə iştirak etməkdə günahlandırıb. Söhbət bir neçə ay əvvəl Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq məqsədi ilə qurulan “Vətəni Xilas Hərəkatı”nı yaradan qüvvələrdən gedir.

Sabiq prezidentin bəyanatında deyilib ki, Paşinyana müxalif olanlar onu məğlubiyyətdə günahlandıranda həqiqətin yarısını səsləndirirlər: “Müxalifət Nikol Paşinyanın onların “əsəri” olduğunu qəbul etmək istəmirlər”.

Ter-Petrosyana görə, 1997-ci ildən bəri Ermənistandakı bütün siyasi qüvvələr (özünün Erməni Milli Hərəkatı Partiyası istisna olmaqla) Qarabağ probleminin həlli üçün bütün cəhd və təşəbbüsləri ardıcıl olaraq məhv ediblər.

Onun sözlərinə görə, bu qüvvələr Qarabağdakı status-kvonu qorumaq və hər hansı bir kompromis seçimini rədd etmək siyasətini yürüdüblər: “Nəticədə ölkəni bu gün yalnız Paşinyanın ittiham olunduğu fəlakətə gətirdilər”.

Petrosyan qeyd edib ki, Ermənistan və diaspor məğlubiyyətdən heç bir nəticə çıxarmır: “Müharibədən sonrakı ritorika yenə də xarici dünyadan boş, mənasız gözləntiləri, Türkiyə və Azərbaycana qarşı təhdidləri ehtiva edir”.

Ter-Petrosyan bu tendensiyanın seçki kampaniyası dövründə daha da güclənəcəyinə şübhə etmir, bu da vəziyyətin yaxşılaşmasına ümid etməyə imkan vermir: “Bu o deməkdir ki,  erməniləri yenidən itkilər və məyusluqlar gözləyir”.