Futbol üzrə Azərbaycan kubokunu “Keşlə” qazandı
Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib. Həlledici qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da baş tutub.
2020/21 mövsümünün son qarşılaşmasında “Keşlə” və “Sumqayıt” üz-üzə gəlib. Matç erkən qolla başlayıb. Miyuşko Boyoviç öz qapısına qol vuraraq sumqayıtlıları hesabda önə çıxarıb.
Lakin buraxılan qoldan sonra toparlanan Bakı klubu fasiləyədək hesabda tarazlıq yaradıb. İkinci hissədə isə Boyoviç yenidən səhnəyə çıxıb. Legioner bu dəfə rəqib qapısına qol vuraraq “Keşlə”ni hesabda irəli çıxarıb.
Bu qələbə paytaxt təmsilçisini tarixində 2-ci dəfə kubokun qalibi edib. Bakılılar 2017/18 mövsümündəki uğurunu təkrarlayıb. “Keşlə” bununla da Konfrans Liqasına da vəsiqə qazanıb.
“Keşlə” – “Sumqayıt” – 2:1
Qollar: Miyusko Boyoviç, 3-avtoqol (0:1), Şəhriyar Əliyev, 37 (1:1), Miyusko Boyoviç, 57 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
“Bank Respublika Arena”