İlham Əliyev idmançıları təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Konyadan Vətənə böyük qələbə ilə qayıdan idmançıları təbrik edib.

Reallıq Tv. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdəki çıxışında bildirib.

“Siz bir neçə gün bundan əvvəl Konyadan Vətənə qayıtmısınız, böyük qələbə ilə qayıtmısınız. Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır”, – dövlət başçısı deyib.

İ.Əliyev V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülməyin çox böyük nailiyyət olduğunu vurğulayıb: “Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, – onlardan 29-u qızıl medaldır, – bir daha ölkəmizin gücünü göstərmişlər. Yəni, bu, doğrudan da böyük nailiyyətdir”.