“İlham Əliyev qələbənin təmin edilməsi üçün…” – Rusiyalı hərbi ekspertdən maraqlı açıqlamalar

Rusiyalı hərbi ekspert Mixail Xodarenko “Gazeta.ru” saytına müsahibəsində İkinci Qarabağ savaşı barədə maraqlı fikirlər səsləndirib.

Qaynarinfo xəbər verir ki, erkspert Azərbaycanın qalib, Ermənistanın məğlub olmasının səbəblərindən danışarkən bildirib:

“Müharibədə Azərbaycanın qələbə qazanmasında “Bayraktar TB2”nin hər nə qədər rolu oldusa, hərbi-siyasi rəhbərliyin verdiyi dəqiq qərarların da rolu bir o qədər böyük idi”.

Xodarenko Azərbaycanın Birinci Qarabağ savaşında məğlubiyyətinin səbəblərini peşəkar hərbçilərinin yoxluğu ilə izah edib:

“Birinci Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının əsas səbəbi peşəkar hərbçilərinin yoxluğu idi. 1991-ci ilin statistikasına görə, sovet ordusunda cəmi bir azərbaycanlı general var idi – Valeh Bərşadlı. Ermənilərin isə təkcə generalları deyil, həm də çoxlu sayda peşəkar zabitləri SSRİ ordusunda qulluq edirdi. Nəticədə, müharibədə Azərbaycanın hərbi təcrübəsizliyi məğlubiyyətinə səbəb oldu”.

Ekspertin fikrincə, ermənilər birinci müharibədən qalib ayrılandan sonra az qala Azərbaycanın Qarabağdan vaz keçdiyini düşünürdülər:

“Ermənilər birinci müharibədən qalib çıxdıqdan sonra uğurdan başları gicəlləndi. Onlar elə zənn etdilər ki, daha Azərbaycan onlara qarşı heç bir addım atmayacaq və həmişə vəziyyət belə qalacaq. Onların bu hərəkəti daha çox özlərinə qarşı “qəddar təlxəklik” idi. Amma unudurdular ki, Bakı məğlubiyyəti onlara bağışlamayacaq”.

Xodarenko qeyd edib ki, Prezident İlham Əliyev qələbənin təmin edilməsi üçün iki mühüm addım atıb:

“Birincisi, o, gələcək siyasi hədəflərini həyata keçirmək üçün Azərbaycanın Ordusunu qura bilmişdi. Bu, çox ciddi zəhmət və resurs tələb edirdi.
İkincisi isə Əliyev Türkiyənin dəstəyini almağa nail olmuşdu. Bütün mənalarda Ankara bu gün regional liderdir”.

Ekspertin sözlərinə görə, Ermənistan müharibə olarsa, müttəfiqlərinin ona kömək edəcəyini, qısa müddətdə döyüşləri dayandıracağına inanırdı:

“Lakin Qərb Ermənistandan uzaq dayandı. Rusiya isə son dönəmlər İrəvanın nazı ilə oynamaq fikrində deyil. Həmçinin Kreml bu oyunlara qatılmaq istəmir. Həm də Rusiya açıq bəyan edir ki, həm Ermənistan, həm də Azərbaycan onun tərəfdaşıdır”.