İlham Zəkiyev: “Dedilər, qisasını aldıq… göz yaşlarımı saxlaya bilmədim”

“2020-ci ilin 27 sentyabr günü Türkiyədə idim. Dostlarım mənə mesaj yazıb bildirəndə ki, qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb, göz yaşlarımı saxlaya bilmədim. Həm qürurlandım, həm də təəssüf hissi keçirdim ki, mən döyüşlərdə iştirak edə bilməyəcəyəm”.

Bunu Fanat.Az-a I qrup Qarabağ müharibəsi əlili, cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev deyib. 1999-cu ildə işğal altında olan Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gələrək görmə qabiliyyətini itirən məşhur idmançı 44 günlük Vətən müharibəsi və şəhidlərimizin Anım Günü ilə bağlı düşüncələrini bölüşüb:

“Vətən müharibəsi ərzində və ondan sonrakı dövrdə bir vətəndaşlıq borcu kimi əsgər və zabitlərimizin yanında olub, onlara mənəvi dəstək verməyə çalışdım. Hospitallara gedib yaralı qazilərimizlə görüşdüm. Rastlaşdığım mənzərə məni bir azərbaycanlı, bir qazi kimi hər dəfə duyğulandırırdı. Yaralı əsgərlərimizin hamısı yenidən cəbhəyə dönməyə, döyüş yoldaşlarının yanında olmağa can atırdı. Birlik və sarsılmazlıq bizi mütləq qələbəyə aparmalı idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu zəfəri əldə edib, öz tarixinin şərəf və ləyaqət səhifəsini yazdı. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Şəhidlərimizin əziz xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”.

İkiqat dünya və yeddiqat Avropa çempionu yaralandığı kəndin işğaldan azad olunması xəbərini almasından danışıb: “21 il əvvəl yaralandığım Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad olunanda zabit dostlarımız zəng edib gözaydınlığı verdilər. Dedilər ki, İlham, sənin qisasını aldıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəsurluq və ləyaqət simvolu adlandırdığı idmançı Vətən müharibəsindəki qələbənin Tokio 2020 Yay Paralimpiya Oyunlarında milli komandamızın çıxışına təsirinə toxunub:

“Tokio 2020-nin bir il ertələnməsi bizim üçün yaxşı oldu. Biz artıq qalib ölkə kimi yarışlarda iştirak etdik. Döyüş meydanındakı tarixi qələbəmiz idman meydanına da sirayət etdi. İdmançılarımızın mübarizə əzminin yüksək olmasında, qazanılan uğurlarda Qarabağdakı zəfərimizin rolu mütləq vurğulanmalıdır”.