İsmayıllıda şəhidimizin adına bulaq inşa edildi
Bu gün İsmayıllı rayonunun Cülyan kəndində Vətən müharibəsində könüllü olaraq iştirak edən və qəhrəmancasına şəhid olan Teymur Saday oğlu Osmanlının xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
Realliq.TV bildirir ki, açılış mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov və İH-nin digər əməkdaşları iştirak ediblər.
Yeni inşa edilən bulaqda kəndin digər şəhidi 1993-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş komandir Çingiz Bağırovun şəkli də həkk olunub.
Qeyd edək ki, Teymur Osmanlı 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Teymur Osmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Osmanlı oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Teymur Osmanlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.