İstanbulun fəthindən 568 il ötür

Bu gün Osmanlı dövlətinin paytaxtı olmuş İstanbul şəhərinin Fateh Sultan Məhməd xan tərəfindən fəth edilməsindən 568 il ötür.

Realliq.TV bildirir ki, İstanbul tarix boyu bir çox dövlətlər tərəfindən mühasirə altına alınsa da, bu şəhəri fəth etmək Fateh Sultan Məhmədə və onun əsgərlərinə nəsib olmuşdur. 

Osmanlı sultanı II Məhməd İstanbulu fəth etmək üçün mühasirə edəndə hələ 21 yaşı vardı. Gənc və qərarlı sultanın 6 aprel 1453-cü ildə şəhəri mühasirə etməyə başlaması ilə döyüş də başladı. II Məhməd İstanbul (Bosfor) boğazının indiki Dolmabaxça sarayı sahilimdən gəmilərini quruya çıxardaraq Taksim təpəsinə çıxardı və oradan Halic sularına endirdi. 53 gün davam edən mühasirədən sonra 29 may 1453-cü ildə İstanbul fəth edildi.   

Tarixçilər, bu fəthlə orta əsrlərin bitdiyini, tarixdə yeni dövrün başladığını bildirirlər. Fəthdən sonra Bizansı tərk edərək İtaliyaya gedən alimlərin, burada intibah hərəkatının başlamasında da effektiv olduqları qeyd edilir.

İstanbulun fəthi ilə bağlı maralı məqamlar.

120 minlik ordu (müxtəlif mənbələrdə say fərqlidir) aprelin 2-də Konstantinopola yaxınlaşdılar. Sultan Mehmet imperatordan şəhəri təslim etməyi istədi. 50 minlik ordusuna, Genuya və Venetsiyadan gələn köməyə, ən əsası isə Konstantinopolun keçilməz divarlarına güvənən imperator Konstantin təklifi qəbul etmədi. Konstantinopol sakinləri aprelin 6-da top səslərinə top səsinə oyandılar. Şəhərə hər yerdən atəş saçılırdı.

Konstantinopolun çökməyi 53 gün sürdü. İlk hücum uğursuz oldu. Dənizdən şəhərin girişi ağır zəncirlərlə qorunduğundan Osmanlı gəmiləri gələn yardımın qarşısını ala bilmirdi. Bizans və Osmanlı donanmalarının ilk çarpışmasında isə türk donanması məğlub oldu. Bu durum Sultan Məhmədi özündən çıxardı. Sultan atını dənizə sürdü və bağıraraq gəmilərin geri çəkilməsini əmr etdi.

20 gün sonra Osmanlı ordugahında böyük bir ümidsizlik vardı. Sədrəzəm Xəlil paşanın tərəfdarlarının sayı günü-gündən artırdı. Divan məşvərəti hətta mühasirənin qaldırılmasını təklif etsə də, Məhməd bir mənalı olaraq təklifi geri çevirdi. Sultan “Ya mən bu şəhəri alacam, ya da şəhər məni alacaq»-, deyərək divanı bitirdi.

Şəhəri fəth etməyin tək bir yolu vardı. Genuya və Venetsiyadan dəniz yolu ilə daxil olan köməyin qarşısını almaq və şəhəri tam mühasirəyə almaq. Bunun üçün Osmanlı gəmilərinin Haliçə keçirməyin yolu tapılmalı idi. Sultan şəhərə hücumun dayandırılmasını və ordunun istirahət etməsini əmr etdi. Bir həftəlik istirahət zamanı əsgərlər ətrafdakı ağacları qırır və tirləri indiki Dolmabaxça ilə Haliç arasındakı quru əraziyə döşəyirdilər. Qala bürclərindən bunu izləyən bizanslılar nə baş verdiyini kəsdirə bilmirdilər. Yalnız üzərinə zeytun yağı sürülmüş gəmilərin tirlərin üstü ilə Haliçə endirildiyini görəndə bizanslılar dəhşətə gəldilər. Sultan Məhməd normal insanın düşünə və reallaşdıra bilməyəcəyi bir işi həyata keçirə bilmişdi. İki günün içində 70-ə qədər gəmi Haliçə endirilmişdi. Artıq Konstantinopol heç bir yerdən ərzaq yardımı belə ala bilməyəcəkdi.

Son hücumu Zaqaros Paşa başlatdı. Türk ordusu şəhərə topların şəhər divarlarında açdıqları dəliklərdən girdi. May ayının 29-u idi. Yeniçərilər son həmləni vurmaq üçün şəhərə daxil oldular və axşama yaxın şəhərdə müqavimət aparacaq güc qalmadı. Şəhər hücumla alınmışdı və islam qaydalarına görə şəhərin yağmalanması halaldı.

Yağma 3 gün sürdü. 3 gündən sonra Fateh Sultan Məhməd şəhərə daxil oldu. Fateh atını dünya möcüzəsi olan Aya Sofiyaya sürdü. Öncə burda namaz qılıb Allaha həmd etdi. Ardınca: «Bundan sonra taxtım İstanbuldur», deyərək Aya Sofiyanın əbədiyyətə qədər məscid olaraq qalmağını buyurdu.

1930-cu ildə əksər qərb ölkələrində şəhərin hələ də Konstantinopol adlandırılmasına son qoymaq üçün Türkiyə Böyük Millət Məclisi şəhərin adını dəyişərək rəsmən İstanbul adlandırmışdır.

Sonda onu da bildirək ki, İstanbulun fəthi ilə bağlı 2012-ci ildə ” Fəth 1453″  bədii filimi də çəkilib.