KİV DF-nin keçmiş rəhbəri Vüqar Səfərli və 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başladı

Avqustun 5-də Ağır Cinayətlər Məhkəməsində prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin və 10 nəfərin işi üzrə hazırlıq iclası keçirilib.

İclas zamanı müttəhimlərin vəkilləri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıblar. Məşvərətdən sonra məhkəmə vəsatəti təmin etməyib. Növbəti iclas avqustun 20-nə təyin edilib.

İstintaqın məlumatına görə, Səfərli bir neçə vəzifəli şəxslə əlbir olaraq dövlət vəsaitlərini mənimsəyib, işlərin həcmini şişirdərək 18 milyon 500 min manatı oğurlayıb.

Fiqurantlara qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələrlə ittihamlar irəli sürülüb.

Prezidentin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə Səfərli Fondun icraçı direktoru vəzifəsindən azad edilib. Bu il yanvarın 14-də həbs edilib.