KQB sədri müxalifət lideri haqda kompromata malik olduqlarını deyir

Belarus KQB-sinin sədri müxalifət lideri və prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya barədə əllərində “kozır” olduğunu bildirib.

KQB sədri İvan Tertel bu haqda Tixanovskayanın son günlər aparıcı Qərb ölkələrinin liderləri, o cümlədən ABŞ prezidenti Cozef Baydenlə görüşlərindən sonra Belarusun STV telekanalına müsahibəsində danışıb.

Müsahibə ötən gün avqustun 7-də yayımlanıb. İvan Tertel bildirib ki, zərurət yaranarsa Minsk Tixanovskayaya qarşı əllərində olan informasiyanı açıqlayacaq. KQB sədri əmindir ki, prezidentliyə keçmiş namizəd nəyisə sona qədər danışmır.

Tertelin fikrincə, Tixanovskayaya suallar verəndə bu daha çox özünü büruzə verir. “Qoy bu onun vicdanına qalsın, amma biz bilirik ki, zərurət yarananda göstərməyə əlimizdə nələr var”,-o deyib.

KQB rəhbəri qeyd edib ki, Tixanovskaya Belarusdan “könüllü” gedib və heç kim ona təzyiq göstərməyib. Üstəlik Litvada onu xarici dövlətlərin xüsusi xidmət orqanlarının nümayəndələri əhatəyə alıblar. “Biz yüz faiz dəqiqliyi ilə bilirik, adlarla, familiyalarla: onunla xüsusi xidmət orqanları iş aparıblar, həm də təkcə Litva xüsusi xidmət orqanları deyil. Nəticədə onun davranışları kəskin dəyişib”,-İvan Tertel bildirib.

Tixanovskaya Qərb liderləri ilə görüşlərində prezident Lukaşenkonu Belarusu Rusiyanın vassalına çevirdiyini deyir və Minskə qarşı daha sərt sanksiyalara çağırır.

Tixanovskayanın Qərbdə fəallaşması prezident Lukaşenkonu da qəzəbləndirib və Belarus prezidenti bir neçə gün əvvəl onu “əclaf qadın” adlandırıb.

Deyib ki, Tixanovskaya özü onlardan Litvaya getmək üçün kömək xahiş etmişdi, üstəlik xərclik qismində 10 min dollar da almışdı…//virtualaz.org