KTMT Baş katibinin İrəvan səfərinin pərdəarxası (ŞƏRH)

“KTMT Baş katibi İrəvana ona görə gəlib ki, təşkilatı təxribata çəkməkdən və Qərblə manipulyasiya etməkdən əl çəkməsi üçün Ermənistanı başa salsın”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov KTMT-nin Baş katibi Stanislav Zasın Ermənistana səfərinin pərdəarxası məqsədlərini dəyərləndirərkən deyib:

“Nikol Paşinyan son çıxışlarında bildirmişdi ki, KTMT onlara kömək etməsə, digər Qərb təşkilatlarını işə cəlb etməli olacaq. Bu mənada Zasın səfəri həmin avantüradan vaz keçməsi üçün Ermənistana yönəlik basqıdır. Ermənistan son zamanlar Azərbaycanın guya sərhəddə atəşkəsi pozması barədə əsassız iddialar irəli sürüb. Bu mənada düşünürəm ki, KTMT baş katibinin səfəri Ermənistanı yerində oturmaqla ona ağıllandırmaq məqsədi daşıyır”.

Bu əsasda ekspert zənn etmir ki, Zasın gəlişilə Ermənistan nəsə əldə edə bilsin:

“Çünki KTMT-də də anlayırlar ki, İrəvan qurumu təxribatlara çəkməyə çalışır. Bu səfərlə KTMT vəziyyəti yerində öyrənib adekvat tədbirlər görmək barədə fikirləşə bilər. Ancaq adekvat tədbirlər Ermənistana yardım etmək və ya KTMT-ni işə cəlb etməkdən ibarət olmayacaq. Sadəcə, Ermənistana müəyyən məsləhətlər verəcəklər ki, təşkilatı təxribata çəkməkdən əl çəksin.

Düşünürəm ki, bu səfərdən bir müddət sonra KTMT Azərbaycan tərəfilə də sərhəddəki gərginliklə bağlı məsləhətləşmələr aparacaq”.