KTMT-nin iclası başlayıb, neytral zona yaradılacaqmı?

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurasının təcili iclası keçirilir. Bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. Paşinyan əlavə edib ki, KTMT-nin Daimi Şurası rəsmi İrəvanın müraciəti əsasında toplanıb.

“Beynəlxalq hüquqa əsaslanaraq demək olar ki, neytral zona mütləq yaradılmalıdır. Neytral zonanın hüdudları dövlətlər arasındakı razılaşmalar əsasında müəyyən olunur. Eyni zamanda sədd çəkməni də nəzərə almaq olar”.

Bu fikirləri Musavat.com-a siyasi şərhçi, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, indiki vəziyyətdə bu, mümkün deyil: “Azərbaycan və Ermənistan arasında neytral zonanın müəyyən olunması hər iki dövlətin ərazi vahidinin bəlli olması ilə mümkün ola bilər. Yəni delimitasiya və demarkasiya məsələləri həll olunmayıbsa, heç bir dövlət bufer zona yaratmaqda maraqlı olmaz. Əks halda bu, öz torpağını güzəştə getmək olar. Digər tərəfdən, Ermənistan təmas xətti boyunca atəşkəsi pozur. Atəşkəs pozulursa, neytral zona yaratmağın əhəmiyyəti qalmır. BMT-nin 51-ci maddəsində yazılıb ki, qonşu dövlətlərin ərazisindən sizin təhlükəsizliyinizi təhdid edəcək hər hansı hərəkətlilik müşahidə olunarsa, fakt olarsa, preventiv zərbə endirmək və preventiv əməliyyat keçirmək hüququna maliksiniz. Məsələn, üzbəüz dislokasiya zonaları varsa, qarşı tərəfin postları daha hündürdə yerləşir, bu da atəş açmaq üçün üstünlük yaradır. Deməli, Azərbaycan bütün sərhəd boyu yüksəkliklərin hamısını götürməlidir. BMT-nin 51-ci maddəsinə əsaslanaraq Azərbaycan Ermənistanın hərbi təyinatlı obyektlərini darmadağın edə, ondan sonra təhlükəsizlik məqsədilə bölgədə neytral zona yarada bilər”.

Əziz Əlibəyli hesab edir ki, KTMT-nin prosesə daxil edilməsi Ermənistan iqtidarının planıdır: “Ermənistan iqtidarının Rusiyaya deyil, Avropa və ABŞ kəşfiyyatına bağlı olmasını nəzərə alsaq, Rusiyanın arxasında ikinci cəbhəni açmaqda maraqlı görünən qüvvələr Qərbdə erməni lobbisinə bağlı olan qüvvələrdir. KTMT-ni fakt qarşısında qoymaqla Ermənistan göstərir ki, Rusiyanın burada real olaraq hərəkəti məhdudlaşır. Yaxud da Ermənistan ərazisinə endirilən zərbələrə görə KTMT Azərbaycana mütləq adekvat cavab verməlidir. Bu, mümkün deyil. İlk növbədə ona görə ki, Rusiya Ukraynada müharibə aparır. Proseslərin günahkarı Ermənistandır və Azərbaycan bunu faktlaşdıra bilir. 2020-ci il 10 Noyabr Bəyanatının zəmanətçisi Rusiyadırsa, Azərbaycana qarşı necə ikinci cəbhə aça bilər? Bəyanatın şərtlərinə əməl olunmamasının təzahürlərindən biri kimi bugünkü toqquşmalar yaşanır. Yəni Rusiyanın özü də günahkar olur. KTMT-nin mövqeyi belə olacaq: Rusiya XİN-in açıqlamasının surətini çıxara bilər ki, Azərbaycan və Ermənistan arasında saat 09:00 radələrində razılaşdırılan atəşkəsə əməl etmək lazımdır. Daha sonra üçtərəfli masa formatına keçid ediləcək. Bunun üçün KTMT üzvlərinin yetərsay qərarı lazımdır. Üzvlərdən birində, Qırğızıstanda “Bayraktar” PUA-larının ilk bazası açılıb. KTMT işə qarışsa, Şuşa Bəyannaməsi işə düşəcək. Azərbaycan da, KTMT üzvləri də Türkiyənin müttəfiqidir. Bu halda Qırğızıstan Azərbaycan əleyhinə səs verərmi? Qətiyyən mümkün deyil”.