Məktəb layihəsi ilə bağlı sayın Dövlət Baxçalıya düzgün məlumat verilməyib ?
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri, Azərbaycanda da sevilən Dövlət Baxçalının (Devlet Bahçelinin) Şuşadakı məktəblə bağlı açıqlaması hər kəsdə təəccüb yaradıb.
Özünün tvitter hesabında məlumat yayan hörmətli Dövlət bəy bildirib ki, Azərbaycan yönətimi MHP-nin layihəsini qəbul etməyib, yeni layihə hazırlayıb. Buna görə də MHP “okul layihəsindən vaz keçir”.
Ehtimal edilən odur ki, məktəb layihəsi ilə bağlı sayın Dövlət Baxçalıya düzgün məlumat verilməyib.
Belə ki, qarşıdan gələn dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana və Şuşaya səfəri nəzərdə tutulub. Həmçinin cənab Baxçalının da Şuşaya səfəri və tikiləcək məktəbin təməlqoyma mərasimində iştirak etməsi gündəmdədir.
O ki qaldı məktəbin tikintisi ilə bağlı məsələyə, Şuşa kiçik şəhər olduğuna görə, burada həyata keçirilən bütün layihələr çox dəqiq ölçülüb-biçilir. Əsas məqsəd də odur ki, görülən işlər şəhərin tarixi mədəni mənzərəsinə, harmoniyasına uyğun olsun.