Masallı sakini nazir Vilayət Eyvazova müraciət etdi: Məni yol polislərinin hədəsindən xilas edin
Masallı rayon sakini Xəlilov Allahverən Əhliman oğlu Respublikanın Baş prokuroru cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edib. Vətəndaş müraciətində Masallıda yol polislərinin qanunsuz əməllərindən bəhs edərək özünə qarşı baş verən özbaşınalıq və hədələrdən bəhs edib. Reallıq.Tv redaksiyasına müraciətin sürətini ünvanlayan Xəlilov Allahverənin yazdığına görə o soyadlarını bilmədiyi Masallı rayon yol polisinin Röyal və Ruslan adlı əməkdaşları tərəfindən mütəmadi olaraq qanunsuz təqiblərə məruz qalıb və hazırda çıxılmaz vəziyyətdədir. Xəlilov qeyd edir ki, etibarnamə ilə idarə etdiyi 90 NA 218 nömrə nişanlı, 07 markalı avtobobili adı çəkilən polis əməkdaşları saxlayaraq ona qayda pozduğunu bildirmişlər və heç bir sübut təqdim etmədən ondan rüşvət tələb ediblər. Vətəndaşın redaksiyamıza ünvanladığı müraciətdə bəzi məqamları diqqətinizə çatdırırıq: “30.10.2022 – ci ildə saat 21.00 – da maşınımı sürüb prokurorluğun qarşısında saxladım ki, idarənin müşahidə kameraları tərəfindən yol polisi əməkdaşlarının məni necə hədələyib pul tələb etdikləri qeydə alınsın. Bundan 20 dəqiqə sonra Masallı rayon Ərkivan yolunun üstündəki marketin qarşısında yenidən məni saxlayıb pul tələb etdilər. Həm marketin, həm də marketlə üzbəüz yerləşən “Zeytun” aptekinin müşahidə kameraları yəqin ki, bunlarıda qeydə almışdır. Yanımda olan dostum onlara xahiş elədi ki, heç bir qayda pozmamışıq və əsassız olaraq bizi saxladıqlarını onların diqqətinə çatdırdı.
Dedim ki, əgər qayda pozmuşamsa inzibati qaydada cəriməmi yaz ünvanıma göndər. Lakin mənim pul vermədiyimi görüb, yol polisi əməkdaşı Ruslan mənə kobud sözlər deyib, barmağı ilə hədələdi və əlimə düşəcəksən dedi. Bütün sənədlərimin qaydasında olmağına baxmayaraq bu iki yol polisi əməkdaşı maşınımı görən kimi harda gəldi saxlayıb məni incidirlər. Öz hüquqlarımı qorumaq üçün nə lazımdı edəcəyimi bildirəndə, onlar isə mənə get kimə istəyirsən şikayət elə – cavabını verirlər”.
Müraciətin sonunda vətəndaş aidiyyatı qurumlara müraciət edir: Sizdən xahiş edirəm ki, bu qanunsuzluğa görə müvafiq tədbir görəsiniz.
Vətəndaş Xəlilov Allahverənin adını çəkdiyi polis əməkdaşları Röyal və Ruslanla əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimiz nəticəsiz oldu. Vətəndaşın Baş prokurorluğa müraciəti Masallı rayon prokurorluğuna baxılması üçün göndərilib.
Reallıq.TV – nin araşdırmaları nəticəsində məlum olub ki, müraciətdə adı keçən Ruslanın soyadı Rəhimovdur.
Digər polis əməkdaşı (rütbələri məlum olmadığı üçün əməkdaş deyə müraciət edirik. T.) Röyal prokurorluqda artıq izahat verib və Xəlilovun avtobilini saxladıqlarını, lakin sənədləri qaydasında olduğu üçün cərimə tətbiq etmədiklərini bildirib. Nə səbəbdən maşını saxladıqlarına cavab tapa bilməyib. Xatırladaq ki, Röyal artıq Masallı rayon Yol polisi şöbəsində çalışmır.
Hadisə ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
Tural