MASAZIRDA YETİŞƏN TƏHLÜKƏ – Məmurların himayə etdiyi MTK – ların qanunsuzluğu faciələrə səbəb ola bilər
Son günlər qardaş Türkiyədə baş verən təbii fəlakətin – zəlzələlərin törətdiyi dağıntilar nəticəsində həyatını itirən insanların çoxluğu hər birimizi kədərləndirib. Hatay vilayətində bəzi şəhərlərdə tikilən binaların təbii fəlakətə davamlı olmadığı barədə səslənən fikirlər artıq qardaş dövlətin rəsmi qurumlarında həyacan siqnalı kimi qəbul olunub və qanunsuz tikintiləri həyata keçirən şirkət rəhbərləri saxlanılıb. Məlumdur ki, heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb və təbiət qanunlarının yaratdığı fəlakətlərlə müəyyən dövrdə hər birimiz üzləşə bilərik. Bəs görəsən, Azərbaycanda aparılan tikintilər, hündürmərtəbəli binalar həyatımızda qaçılmaz olan fəlakətlərdən bizi qoruya biləcəkmi? Məhz bu suala cavab tapmaq üçün Reallıq.TV – nin əməkdaşaları araşdırmalar aparıb və biz bir neçə yazı ilə nəticələri diqqətinizə çatdıracağıq.
İlk araşdırma apardığımız məkan Abşeron rayonu Masazır qəsəbəsi olub. İllər öncə Masazırda bəzi yerlərdə hündürmərtəbəli binaların tikintisi tamamilə qadağan olunduğu halda şirkət rəhbərləri, işbazlar tövsiyyələrə və qadağalara məhəl qoymamış, öz şəxsi maraqlarını həyata keçirmək məqsədilə tikintilər aparmışdır. Masazırın seysmik aktiv zona olması da aparılan tikintilərə rəsmi qurumların ciddi nəzaarətini labüd edirdi. Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli dəfələrlə mediaya açıqlamasında bu barədə geniş bəhs etmiş və Masazır qəsəbəsinin bəzi ərazilərində fərdi ev və binaların tikilməsini təhlükəli hesab edib.
“Masazırda təhlükəli ərazilərdə evlər, binalar tikiblər. Tədqiqat apardıq, ən gərgin sahələri aşkarladıq” – deyən mərkəz rəhbərinin xəbərdarlıqları rəsmi qurumları narahat etməyib. İllər öncə verilən həyacan siqnalı Azərbaycanın Fövqəladə Hallar naziri, milyonçu Kəmaləddin Heydərovun da diqqətini qanunsuz tikintilərə yönəldə bilməyib. Bakıda və rayonlarda obyektlərinin özü belə sayını itirmiş Kəmaləddin Heydərovun şəxsi maraqları daxilində göz yumduğu saxtakarlıqlar və qanunsuzluqlar insanlarımızın həyatı üçün böyük təhlükəyə çevrilib. Milyonçu nazirin icazəli tikintiləri də əslində qaydaları üzərində sənədləşməyib. Kamalın tamahı paytaxtımızda baş verə biləcək təbii fəlakətlərdən doğan təhlükələrin ən başlıca səbəbi ola bilər.
Qeyd etdiyimiz kimi Abşeron rayonu Masazır qəsəbəsində illərdir davam edən qanunsuz tikintilər bir il öncə dayandırıldı. Rayona yeni təyin olunan icra başçısı Abidin Fərzəliyevin qanunsuz tikintilərin qarşısını almaq üçün verdiyi göstərişlər rayonda müsbət qarşılandı. Lakin day-dayılı MTK rəhbərləri tikintiyə nəzarət edən qurumlarla, eləcədə FHN –nin milyonçu rəhbəri Kəmaləddin Heydərovla razılaşaraq öz qanunsuz əməllərinə davam etməkdədirlər. Redaksiyamız tərəfindən aparılan araşdırmalar zamanı həmsöhbət olduğumuz iş adamları, şirkət rəhbərləri bildirdilər ki, tikdikləri binalarla bağlı Fövqəladə Hallar Nazirliyindən müxtəlif üsullarla icazə almaq olur. Əgər rəsmi sənədə əsaslanıb icazə alırlarsa bu halda nazirin tələblərini yerinə yetirməlidirlər. Rüsumdan başqa nazirin istəkləri – yəni milyonları şəxsi hesaba keçməlidir. Yox rəsmi sənəd olmadan iş adamları tikinti aparmaq istəyirlərsə yenə Kəmaləddin Heydərovun “kor” olması üçün tərləməlidirlər və milyonçu nazirin “hörmətini” onun istəklərinə uyğun formada həyata keçirməlidirlər.
Msazırda yol kənarında artan binaların tikinti normativlərinə cavab vermədiyi məlumdur. Hətta “İlin Dörd Fəsli” şirkətinin inşa etdiyi “Yeni Bakı” yaşayış kompleksində vətəndaş narazılıqları səngimir.
Sosial şəbəkədə sakinlərin profillərində qeyd olunan fikirlərə nəzər salaq: “Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində baş verən özbaşınalıqlar və qanunazidd davranışlar davam etməkdədir. Burada hələ də kompleksi inşa edən “İlin Dörd Fəsli” (İDF) şirkəti Mənzil Məcəlləsinin tələblərini və Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarını pozaraq, qanunsuz idarəetmə həyata keçirməkdədir. Sakinlərin razılığı olmadan qurulan komendantlıq sistemi vasitəsilə hər ay şəhərcikdən 100 min manata yaxın vəsait toplanmaqdadır. Əlbəttə, sakinlər bu pulun hara sərf olunduğundan xəbərsizdirlər, yəni ciblərindən çıxan pulun hara getdiyini bilmirlər. Çünki şəhərciyin saxlanmasına sərf edilməli olan pullara görə kimsəyə hesabat verilmir, şəffaflığa ümumiyyətlə əməl olunmur”.
Yuxarıda qeyd etdiyimiz kimi, Masazırda yol boyu ucalan yeni tikintilərin qanunsuz olduğuna heç kimdə şübhə yoxdur. Icazəsi 3 və ya 5 mərtəbəyə olan şirkətlərin tikintini 12 mərtəbəyə qədər ucaltması saxtakarlıq və rəsmi qurumların əldə etdiyi rüşvət hesabına gerçəkləşir. “QƏSR”, “Yeni Bakı”, “Salty Park”, “DREAM Park” və digər bu kimi MTK-ların insanların həyatı üçün yaratdıqları təhlükə tez bir zamanda nəzərə alınaraq tədbirlər görülməlidir. Şirkətlərin bir çoxları icazəsiz tikintilər həyata keçirib. Gecə başlayıb səhər bitirdikləri binaların yaşam üçün nə qədər təhlükəli olduğunu növbəti yazıda diqqətinizə çatdıracağaıq.
Yazıda adı çəkilən şirkət nümayəndələrinin də fikirlərini dərc etməyə hazırıq.
Bizi izləyin
Reallıq.TV Araşdırma qrupu