Millət vəkilinin status qalmaqalı

Millət vəkili, təhsil eksperti Etibar Əliyevin növbəti statusu qalmaqala səbəb olub.

E.Əliyev təhsil eksperti Elçin Əfəndinin Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla fotosunu paylaşaraq, onun təhsilə heç bir aidiyyəti olmadığını bildirib.

“Elçin Əfəndi təhsilin əlifbasını belə bilmir. İşi-peşəsi təhsil sahəsində böyük işlər görən adamları məqsədli şəkildə ləkələməkdir. Adam “kontent” anlayışını “kontingent” anlayışı ilə səhv salacaq qədər savadsızdır. Belə savadsız avantüristi rədd edin. Psixi problemi də var”, – millət vəkili yazıb.

O, həmçinin E.Əfəndinin bir neçə çıxışına baxdığını, onun kollec tələbəsi səviyyəsindən aşağı təəsurat yaratdığını bildirib və valideynlərə çağırış edərək, bu şəxsdən uzaq olmalarını istəyib.

E.Əliyevin paylaşdığı bu statusa isə geniş reaksiya verilib. Şərh yazanların böyük əksəriyyəti E.Əfəndinin yüksək səviyyəli mütəxəssi olduğunu bildirərək, millət vəkilini bu fikirlərinə görə təhqir etməkdən də çəkinməyib.

Qeyd edək ki, E.Əliyev bundan öncə statuslarını “layk” etməyənlərin dostluğundan çıxmasını istəmişdi və bu da müxtəlif reaksiyalara səbəb olmuşdu. Eyni zamanda, millət vəkili digər mütəxəssislərlə də bağlı münasibət bildirmiş, onları “savadsız” adlandırmışdı.