Milli Məclis İsraildə səfirlik, Fələstində təmsilçilik açılmasına səs verdi

Azərbaycan Respublikasının Albaniya Respublikasında, Tirana şəhərində səfirliyinin açılması barədə qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıldı. Komitə sədri Səməd Seyidov layihə barədə məlumat verdi. Bildirdi ki, Albaniya Azərbaycanın haqq sözünə dəstək verən ölkələrdəndir. Ona görə də komitə yekdilliklə Albaniyada səfirliyin açılmasını müdafiə edib.

S.Seyidov ardınca əlavə etdi ki, Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək. Komitə sədri qeyd etdi ki, bu gün Azərbaycanın ən gözəl məkanlarından birində bir heykəl ucalır- Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Albert Aqarunovun, Azərbaycan vətəndaşı olan yəhudi qəhrəmanımızın heykəli. S.Seyidov xatırlatdı ki, İsrail Azərbaycanda 1993-cü ildə səfirliyini açıb: “44 günlük Vətən müharibəsində Azərbaycana xüsusi yardım göstərmiş, kənarda qalmamış bir ölkə ilə əlaqələri inkişaf etdiməliyik”.

S.Seyidov dedi ki, cənab Prezidentə xüsusi minnətdarlıq bildirmək lazımdır. Səfirliyimizin açılmasından sonra Azərbaycan-İsrail əlaqələri daha da inkişaf edəcək. Yekdilliklə Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı səs verməyinizi xahiş ediirk.

Bundan əlavə, S.Seyidov dedi ki, Azərbaycanın Fələstində Təmsilçilik Ofisi açılacaq. Bu barədə “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində qeyd olunub. Fələstin 2011-ci ildə Azərbaycanda təmsilçilik açıb. Azərbaycanın İslam dünyasında, ərəb dünyasında haqq sözünün daha aydın şəkildə eşidilməsi üçün bu, olduqca vacib məsələdir.

Azərbaycanın Keniya Respublikasında səfirliyinin açılmasına da qərar verilib.

Deputatlar layihələri dəstəklədilər.