“MÜHARİBƏNİ DAYANDIRMAĞI TƏKLİF EDİRƏM…” – Putinin televiziyalardakı “kuklaları” danışır -VİDEO

“MÜHARİBƏNİ DAYANDIRMAĞI TƏKLİF EDİRƏM…” – Putinin televiziyalardakı “kuklaları” danışır
“Rusiyanın Ukraynaya müdaxiləsi əvvəlcədən planlaşdırılmamışdı. Ona görə də sürətli qələbə ilə bağlı proqnozlar fəlakətli dərəcədə yanlış oldu”.
Bunu Rusiyanın “NTV” kanalında yayımlanan siyasi şouda siyasi şərhçi Boris Nadejdin deyib.

O, “müstəmləkə müharibə üsulu”yla Ukraynanı məğlub etməyin qeyri-mümkün olduğunu bildirib: “Rusiya bu qanlı müharibəyə son qoymaq üçün ya müharibə səylərini artırmalı, ya da sülh danışıqlarını bərpa etməlidir. Rusiyanın səfərbərlik elan etmədən müqaviləli hərbçilərlə, muzdlularla Ukraynanı məğlub etməsi qətiyyən mümkün deyil. Mən müharibəni dayandırmağı və sülh danışıqlarına getməyi təklif edirəm”.

Kreml rejiminin əsas dəstəkçilərindən olan digər bir siyasi şərhçi Viktor Oleviç isə müharibənin gedişatıyla bağlı yanıldıqlarını etiraf edib: “Bizə dedilər ki, hər şey plana uyğun gedir. Altı ay öncə heç kim deyə bilməzdi ki, biz nə vaxtsa Balakliya şəhərini tərk edəcəyik və Xarkova hücum etsək də, bu şəhəri ələ keçirə bilməyəcəyik”.

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Kazakov da etiraf edib ki, əks-hücumlardan sonra Rusiyaya ciddi psixoloji zərbə vurulub.

Digər siyasi şərhçi Aleksey Tomofev isə vəziyyətin bu cür davam edəcəyi təqdirdə müharibənin xeyli uzanacağıyla bağlı xəbərdarlıq edib.

O, əlavə edib ki, Rusiya Odessaya daxil olarkən, hər kəs rus ordusunun yerli sakinlər tərəfindən xoş qarşılanacağını düşünsə də, tam əksi baş verdi: “24 fevraldan sonra hamımız aydın şəkildə başa düşdük ki, baş verənlər heç də belə deyil. Biz gördük ki, Odessa sakinləri rus qoşunlarını qucaqlamaq istəmirlər”.