Novruz bayramını Azərbaycana qaytaran və onun qurbanı olan Şıxəli Qurbanov
Azərbaycanda Sovet imperiyası qan üzərində qurulandan sonra rus-erməni birləşmələri təkcə torpağımızı talan etməklə, minlərlə aydınlarımızı repressiya qurbanı etməklə, dilimizi, tariximizi, milli kimliyimizi saxtalaşdırmaqla yetərlənmədi. Həm də bizi özündə yaşadam milli-mənəvi dəyərlərimizi,milli adətlərimizi məhv etməyə, unutdurmağa çalışdılar. Türkün özünü özündə yaşadan ” Kitabi -Dədə Qorqud ” kimi bir abidəni , min illərin tarixinə söykənən Novruz ( ” Ərgənəkon” ) bayramını belə qadağan etdilər. Etiraz edənlərin hamısını isə əbədi susdurdular.
Amma unutdular ki, biz döyüldükcə bərkiyən, öldükcə yenidən doğulan bir xalqıq. Biz haqqımız olanı ölümümüzlə olsa belə, alan bir xalqıq.
Eyni ilə Şıxəli Qurbanov kimi.
Kim idi Şıxəli Qurban oğlu Qurbanov:
Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Ş. Qurbanov 1960-cı illərdə Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.
Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulmuşdur.
Şıxəli Qurbanovu müasirlərindən fərqləndirən, heysiyyət və ləyaqət baxımından çağdaşlarından bir neçə pillə yuxarı qaldıran ümdə bir keyfiyyəti vardı: O, heç bir üstünlüyü, imtiyazı, maaşı-muzdu olmayan, əksinə, fədakarlıq və məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini daşıdığı titulların hamısından yüksək tuturdu.
Dramaturq kimi Şıxəli Qurbanov böyük sələfi M.F.Axundov kimi əvvəlcə bəzi müasirlərini satirik-yumoristik gülüşlə izlah etmək yolunu tutmuşdur. Onun rəngərəng janrlı, çeşidli üslublu komediyaları, əlvan formalı musiqili liberottaları Milli Azərbaycan səhnəsinə yol almışdır. «Əcəb işə düşdük», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Sevindik qız axtarır», «Milyonçunun dilənçi oğlu» kimi səhnə əsərləri minlərlə müasir tamaşaçının qəlbinə yol tapmış, ona şən fərəhli və düşündürücü gülüş bəxş etmişdir.
Şıxəli Qurbanov gündəlik fəaliyyətində — çoxsaylı görüşlərdə, yığıncaq və konfranslarda dövlət adamı kimi yox, millət xadimi kimi çıxış edirdi.
Alovlu vətənpərvər milli düşüncə və duyğularını açıq şəkildə dilə gətirirdi. Az sonra böyük Vətəndaşın təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olundu. Xalq tonqalların işığında özünün tarixi yaddaşına — kökünə, mənşəyinə, ilkinliyinə və bütövlüyünə qayıtmağa başladı.
1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi. Tonqaldan ayrılan qığılcımlar, çınqıllar xalqda öz gələcəyinə təminatlı inam, perspektivli ümid yaratdı. Üstəlik Odlar yurdunda qalanan tonqallar, qara əllərin, qara yellərin söndürdüyü milli şüur ocaqlarını alovlandırdı. Tarix və milli vicdan müasirliyin divanında yenidən sınağa çəkildi, dəyərlərin yenidən dəyərləndirilməsi prosesinə təkan verildi. 2 Xalqın, toplumun millətə çevrilməsi işi yeni sürət və vüsət götürdü. Lider vaxtın nəbzini tuta bilmişdi. Doğrudur, bu sahədə ədəbiyyat, illah da ki, onun çevik və operativ janrı olan poeziya xeyli iş görmüşdü. Ancaq milli özünüdərkin formalaşması məsələsinə Mərkəzi Komitənin, xüsusilə onun rəhbərlərindən birinin müdaxiləsi o vaxtın görünməmiş hadisələrindən sayılmalıdır.
Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında belə bir cəsur addımı atana, kişilik və ləyaqət səviyyəsində fədakarlıq göstərən ikinci bir vəzifə sahibinə rast gəlinməmişdi. Millətin belindən gəlmiş, çoxillik ağrılarından doğulmuş MK katibi, şair, dramaturq və elmlər doktoru bu addımı ömrü bahasına atmışdı.
Az sonra o, bəzən gizli, bəzən açıq şəkildə təqib olunmağa başladı. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər Onu nəzarətə götürür, izləyir, əməlləri sayaq qara adamlar milli fikir öndərini qarabaqara təqib edirdilər.
Yuxarıda dediyimiz kimi, Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.
1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdır.
Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edirdi.
Əslində bu idia deyil, bir gerçəklikdir. 1937-ci ilin davamı olan 1967-ci il gerçəkliyi.
Bu gün Yurdumuzda, elimizdə, obamızda yenə bayram tonqalları yanır. O tonqaların tüstüsündən isə bir Şıxəli Qurbanov baxır. Baxır və gülümsəyir. Bu xalqın məhv olmasını istəyənlərin özlərinin neçə məhv olduğunu görərək gülümsəyir.
96 Yaşın qutlu olsun, xalqının özünəqayıdışı üçün ölümün üzərinə gedən Yurd övladı !