Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. 

Realliq.TV – bildirir ki, DİM imtahanlara hazırlıq prosesinə başlamış və bu istiqamətdə artıq müəyyən işlər görmüşdür. PMS üzrə imtahan proqramları təsdiq edilərək DİM-in internet səhifəsinə yerləşdirilmiş və həmin proqramlar əsasında tapşırıqların hazırlanmasına başlanmışdır.

Azərbaycan Respublikasının Vergi məcəlləsi üzrə proqramlara bəzi əlavə və dəyişikliklər edilmişdir. Bu səbəbdən DİM-in internet səhifəsində yerləşdirilmiş müvafiq proqram yenilənmişdir. PMS üzrə proqramlarla buradan tanış ola bilərsiniz.

Namizədlərin nəzərinə çatdırırıq ki, qanunvericiliklərdə edilən dəyişikliklərə uyğun olaraq PMS üzrə proqramlar yenilənəcəkdir. Bu səbəbdən DİM-in internet səhifəsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.

İmtahanların keçirilmə qrafiki haqqında məlumat DİM-in saytında (dim.gov.az) yerləşdiriləcəkdir.