Prezident Ağdam cəbhəsində hücum əməliyyatının keçirilməməsi səbəbini açıqlayıb
Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində bildirib ki, əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik.
Realliq.TV bildirir ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı Ağdam cəbhəsində hücum əməliyyatının keçirilməməsinə toxunub və bu haqda deyib:
“Bir məqama toxunmaq istəyirəm, bilirəm ki, müharibə dövründə mənim tvitlərimi, mənim çıxışlarımı xalqımız səbirsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün tvitlərimdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa – alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik”.