Prezident İlham Əliyev Britaniya şirkətlərini azad edilmiş ərazilərə dəvət edib

“Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır”, bu barədə prezident İlham Əliyev çərşənbə axşamı Bakıda Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Vendi Morton ilə görüşündə bildirib.

2020-ci ilin dekabrında CQD-nin tikintisinin başa çatması ilə yeni əməkdaşlıq imkanları açılır və Azərbaycan ümid edir ki, BP istismar olunan yataqlarda yeni mənbələr kəşf edəcək.

“Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır – demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq”, deyə Əliyev qeyd edib.

Azad edilmiş ərazilərdə aparılan işlərə toxunan Əliyev qeyd edib ki, Böyük Britaniya şirkətləri ilə təmaslar artıq başlayıb. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub.

O, azad edilmiş ərazilərdə işləyən Britaniya şirkətlərinin sayının artacağına ümid etdiyini bildirib.

“Azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində böyük potensial var. Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var.

Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik”, deyə Əliyev qeyd edib.

Morton öz növbəsində bir çox sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəflər həmçinin regionda postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Rəna