Qəzza yollarından bərbad olan Zabrat yolları

      “Bizim bu küçələrin yollarından indi nə Suriyada, nə Qəzzada taparsan. Yay-qış bərbad vəziyyətdədir, nə qədər müraciət etmək olar, yorulmuşuq. Baxın, magistral yoldan bir az aralıdır, amma elə bil ucqar dağ kəndinin yoludur, baxan yoxdur”.

      Realliq.TV bildirir ki, bu sözləri Musavat.com – a  paytaxtın Sabunçu rayonu, Zabrat – 2 qəsəbəsinin Məmmədyarov küçəsinin sakinləri bildirdilər. Onların dediyinə görə, yolların bərbad olmasından dəfələrlə şikayətləniblər, amma faydası olmayıb.

       Sakinlər bildirirlər ki, Məmmədyarov küçəsi baxımsızlıqdan dağılıb, qışda gölməçələr yaranır, ümumiyyətlə, ilin bütün günlərində keçilməz olur, avtomobillər təmir sexlərində qalırlar. Qəsəbə sakinlərinin sözlərinə görə, Sabunçu rayon bələdiyyəsinə müraciət etsələr də, onlardan məhəllənin yollarının asfaltı üçün 2000-2500 manat istənilib. Onlar isə sual edirlər ki, bələdiyyəyə nə üçün xərac verməlidirlər: “Çünki Bakıətrafı qəsəbələrin, məhəllədaxili yolların asfaltlanması üçün dövlət proqramı var, büdcədən vəsait ayrılır. Niyə pul verməliyik? Bu küçəyə uzağı 2 maşın asfalt lazımdır, amma əncam çəkmirlər. Dərdimizi kimə deyək, bilmirik. Bu yollar qışda daha da acınacaqlı vəziyyətə düşür. Adam utanır ki, belə şəraitdə yaşayırsan. Görən də deyir ki, bura Bakıdır. Bəyəm Bakı Neftçilər prospektindən ibarətdir?”

       Məmmədyarov küçəsinin sakinləri xahiş edirlər ki, tezliklə Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi onların probleminə diqqət ayıracaq, əhalinin əzablı yollardan canı qurtaracaq:”Biz qalib ölkəyik, hər yerimiz gərək gülüstan olsun, insanlar daha belə problemlərdən şikayət etməli deyillər. İndi daha böyük məsələlər həllini gözləyir. Amma məmurlar ən xırda problemləri də yoluna qoymur, insanları ən kiçik işlər üçün Prezidentə məktub yazmağa məcbur edirlər. Biz inanırıq ki, səsimizə səs veriləcək, küçələrimiz, yollarımız abadlaşacaq”.