Qarabağı, Şuşanı görmək istəyən xarici turistlər çoxdur
“Arabian Travel Market 2021” beynəlxalq turizm sərgisi ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, ötən ilin fevralından sonra Azərbaycanın rəsmi və canlı formatda iştirak etdiyi ilk sərgi idi.
“Bu, həmçinin işğaldan azad edilmiş Qarabağın turizm potensialı barədə sərgi iştirakçılarına məlumat verilən ilk tədbirdir “, – Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan stendinə, ümumilikdə Şuşaya, Qarabağa böyük maraq var.
“Sərgidə 2500 iştirakçı təmsil olunurdu, stendlərə baxmaq üçün 39 min insan gəlmişdi. Bundan öncəki sərgilərdə Ermənistan tərəfi öz stendində beynəlxalq sazişlərə zidd olaraq həmin dövrlərdə işğal etdikləri torpaqlarımızın turizm potensialını tanıtmağa cəhd göstərirdi, toponimləri dəyişirdilər. Uzun illər biz diaspora təşkilatları, diplomatik nümayəndəliklər, onların rəhbərləri ilə birgə təşkilatçılarla danışıqlar aparıb, onları ermənilərin stendlərindən çıxartdırırdıq. Amma birinci ildir ki, biz Şuşamızı özümüz Azərbaycan stendində nümayiş etdirdik”.
K.Quluzadə qeyd edib ki, yeni turizm destinasiyası sərgi iştirakçılarının marağına səbəb olub.
“Bundan öncə onlayn formatda keçirilən görüşlərdə biz bu marağı suallardan, istəklərdən hiss edirdik. Xarici tərəfdaşlarımız, gələcək əməkdaşlıq edəcəyimiz insanlar, sadə turistlər, avropalılar, Yaxın Şərq, postsovet məkanı ölkələrindən olan iştirakçılar tərəfindən stendimizə böyük maraq var idi. Qarabağı, Şuşanı görmək istəyənlər çoxdur. Bundan öncə Ermənistan hansısa cəhdlər edib, müəyyən dərəcədə insanları gətirə bilirdi. Gələnlərin çoxları da erməni diaporasının xaricdə yaşayan üzvləri idi. Artıq şanlı Qələbədən sonra turistlər tam leqal, qanuni olaraq bizim bölgəmizə təşrif buyurub, səfər edə biləcəklər. Sərhədlər açılandan sonra Azərbaycan turistləri qəbul edəcək. Təhlükəsizlik, infrastruktur məsələləri, əhalinin qayıdışı təmin ediləndən sonra Qarabağ regionunda turizm bərpa olunub, inkişaf etdiriləcək”.