Qaragöl – düşmənin qara qorxusu

       Mayın 12-dən Azərbaycan və Ermənistan sərhəddində başlayan gərginlik səngimir. İrəvan iddia edir ki, Azərbaycan ordusu dövlət sərhədini pozub Ermənistan ərazisində postlar qurur. Bakı isə bunun yalan olduğunu, hələ sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini bəyan edir.

   Söhbət , əsasən Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasındakı sərhəddən, daha dəqiqi bu ərazidə Ermənistanın Sev Liç adlandırdığı  Azərbaycanın Qaragöl adlı gölündən və yüksəkliklərdən gedir. 

Azadlıq Radiosunun erməni xidmətinin müxbiri mayın 13-də Veraşendə olub, orada sakinlərlə danışıb. Yerli sakinlər bildiriblər ki, əhali təlaş içindədir, hər an nəsə olacağı qorxusu ilə gecələri yata bilmirlər:

“Yerevanda ( İrəvan – red. ) insanlar qorxursa, görün sərhəddə yaşayanlar necə qorxur. İnsanlar təşviş içindədirlər. Siz burdan yuxarı qalxsanız, Azərbaycan postları ordadır. Biz necə qorxmaya bilərik? Bizim əlbəttə ki qorxumuz var.  Buradan yuxarıda Azərbaycan postlarını görə bilərsiniz .  İnsanlar təlaşdadır”

       Başqa bir sakin isə deyib: “ Aramızdakı məsafə cəmi 19 kilometrdir. Dünən gecədən bəri yata bilməmişik. Fikirləşirdik ki, azərbaycanlılar bizim kəndə girəcəklər. Mənim bir qohumum oranın yaxınlığındakı kəndə yaşayır. O mənə zəng elədi, elə qorxmuşdu ki, danışa da bilmirdi.  Qohumum deyir ki, onlar ( Azərbaycan ordusu -red ) orada özlərinə çadır qurublar. Başına da öz bayraqlarını asıblar. Biz burdan görmürük, amma onlar dağın təpəsindədilər. Bütün gecəni camaat qorxusundan yatmayıb ki, onlar aşağı kəndə enərlər”.

     Bildirək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistanın əsassız ittihamlarına cavab olaraq bəyanat yaymışdı. Bəyanatda deyilirdi: 

    ” Azərbaycan ərazi bütövlüyü çərçivəsində sərhəd mühafizə sisteminin gücləndirilməsi üçün tədbirlər görür və bu fəaliyyətlər xəritələrdən istifadə edilərək həyata keçirilir. İrəvan rəhbərliyinə Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrində Azərbaycanın sərhəd rejiminin həqiqətlərini qəbul etmələrini və bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfin hərbi rəsmiləri arasındakı qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir”.