QAZAXISTAN HAKİMİYYƏTİ ŞOKDA: MERİYA VƏ PROKURORLUQ ƏLƏ KEÇİRİLDİ. VİDEO

Qazaxıstan hökumətinin istefasından və fövqəladə vəziyyət elan edilməsindən sonra iğtişaşlar dayanmayıb, baxmayaraq ki, hökumət maye qazın qiymət artımının ləğvi məsələsinə yenidən baxmağı vəd edib.

Yanvarın 5-də Almatı və bir sıra digər şəhərlərdə, o cümlədən Janaozen və Semipalatinskdə etiraz aksiyaları davam edir.

Janaozendə mitinq iştirakçıları hakimiyyətin dəyişməsini, xalq seçkiləri keçirilməsini, 1993-cü il Konstitusiyasının geri qaytarılmasını, həmçinin vətəndaş fəallarının təqibinə son qoyulmasını tələb edirlər.

Etirazçılar Nursultan Nazarbayevin siyasətdən getməsini tələb edirlər.

Şəhərin mərkəzi meydanında 12 minə yaxın insan toplaşıb, onlar həmçinin internetin açılmasını tələb edirlər.

Ötən gecə etirazçılar yolları bağlayırdılar və polislə qarşıdurmalar yaşayırdılar.

Almatı, Çimkənt və Tarazda etirazçılar rayon administrasiyalarına hücum ediblər, binaların şüşələri və qapıları qırılıb. Nümayişçilər administrasiya binalarına daş, çubuq və içində yanan maye olan şüşələr atıblar. 95 polis xəsarət alıb, 200-dən çox insan saxlanılıb.
Eyni zamanda, Aktobe şəhərində polis etirazçıları saxlamaqdan imtina edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları “xalqın yanında olduqlarını və xalqa əl qaldırmayacaqlarını bildiriblər”
Aldığımız son məlumatlarda qeyd olunur ki, yanvarın 5-də günorta Almatıda etirazçılar meriya binasına daxil olublar və binanı yandırıblar. Eyni zamanda, şəhər prokurorluğu ələ keçirilib, orada da yanğın baş verib.

Yerli KİV-lərin məlumatına görə, etirazçılar armatur, çubuq və qalxanlarla silahlanıblar. Meriya binası qarşısında polislə qarşıdurma davam edir. Binaya minlərlə insan hücum edib. Polis səs qumbaralarından istifadə edir, amma bu, kömək etmir.
Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də başlayıb və maye qazın qiymətinin artması ilə əlaqədar aksiyalar dayanmır.