Respublika Gənclər Kitabxanası Qarabağ haqqında layihələrini davam etdirir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları qələbə çaldığımız, 30 ilə yaxın həsrəti ilə yaşadığımız torpaqların işğaldan azad olduğu bir dövrdə Azərbaycanın dilbər guşəsi olan Qarabağ haqqında maarifləndirici, təbliğat xarakterli materiallar, layihələr hazırlamaqda davam edir.

Kitabxanadan Realliq.TV-yə bildirilib ki, növbəti material – “Qarabağın görkəmli şəxsiyyətləri” adlı virtual sərgidir. Virtual sərginin hazırlanmasında əsas məqsəd Qarabağın ədəbiyyat, musiqi, incəsənət və s. sahələrində uğur qazanmış, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış nadir istedada malik görkəmli şəxsiyyətlər haqqında məlumat verməkdən ibarətdir. Virtual sərgidə Qarabağ torpağının yetirmələri olan Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və başqaları haqqında məlumat verilmişdir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materialda adı çəkilən görkəmli ədəbiyyat və mədəniyyət sahəsinin nümayəndələrinin həyat və yaradıcılığı, əsərləri, müəllifi olduqları kitablar, bəsdələdikləri və ifa etdikləri musiqilər haqqında geniş yazılı məlumat verilmişdir. Virtual sərgidə musiqisi Cahangir Cahangirova məxsus Sara xanım Qədimovanın ifasında “Qarabağ” mahnısı səsləndirilib.

İzləyicilərimiz, xüsusilə də, gənclərimiz üçün Azərbaycanın gözəl guşəsi, mədəniyyət ocağı olan Qarabağı tərənnüm edən bu səpkili videoçarxlar öz dərin məzmunu və maraqlı məlumatları sayəsində böyük əhəmiyyət kəsb edir.