Rusiya-Ukrayna arsında müharibə nə qədər davam edəcək? – ÖZƏL AÇIQLAMA

Rusiya və Ukrayna arasında baş verən müharibə davam etdikcə həm savaş aparan tərəflər, həm də dünya üçün çox ciddi fəsadlar törədir. Ukraynanın hərbi poliqona çevrilməsi bu ölkəyə illərlə bərpa olunmayacaq dağıntılara başa gəlir. Rusiya isə sanksiyalar girdabında boğularaq günü-gündən zəifləyir. Müharibənin nə qədər davam edəcəyi və gedişatın necə olacağı ciddi müzakirə mövzusudur.

Mövzu ilə bağlı fikirlərini “Reallıq Tv”lə bölüşən politoloq Aqil Məmmədov bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq 10 gündür davam edir: “On günün nəticəsi onu deməyə əsas verir ki, planlaşdırılan hərbi əməliyyatlar öz hədəfinə çatmayıb. Müharibənin tezliklə başa çatmasını hər iki tərəf istəyir. Çünki Ukrayna iqtisadiyyatı müharibənin, Rusiya isə sanksiyaların təsirindən çox ciddi zərbə alıb. Müharibənin 1 saat uzanması isə ağır vəziyyətdə olan iqtisadiyyatları daha çox yükləyir. Bu, domino effekti ilə ciddi sosial böhrana çevrilə bilər. Bildiyiniz kimi, artıq iki raund danışıqlar keçirilib və bunun nəticəsi olmayıb. Tərəflər özləri üçün qırmızı xətt müəyyən ediblər və bu xətti keçə bilmirlər. Ona görə də yaxın bir həftə ərzində müharibənin davam edəcəyini düşünürəm. Amma daha sonra hər hansısa atəşkəs əldə edilə bilər”.

Aqil Məmmədov əlavə edib ki, bu gün gələn xəbərlər Ukraynanın müəyyən cəbhələrdə uğur əldə etdiyini göstərir: “Bu müsbət tendensiyanın davam etməsi fonunda Rusiyanın mövqeyində yumşalmanı gözləmək olar. Ancaq istənilən halda bu müharibədən Ukrayna ərazi itkisi olmadan çıxa bilməyəcək. Görünən odur ki, Rusiya ordusu artıq nəzarətə götürdüyü kiçik şəhərlərdən çıxmaqdan imtina edəcək və Ukrayna “taym out” götürmək üçün bununla razılaşacaq”.