Sərnişinlərin metroda əməl etməli olduğu vacib qaydalar

Bakı Metropoliteni QSC-nin rəhbərliyi  sərnişinlərin metroda əməl etməli olduğu vacib qaydaları açıqlayıb .

Realliq.TV  bildirir ki, qaydalar aşağıdakılardan ibarətdir:

1. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar;

2. Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti seçimli şəkildə tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq. Seçmə qaydada yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaqlar;

3. Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlara məlumatlandırıcı işarələr yapışdırılacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunacaq;

4. Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılacaq;

5. Sərnişinlərin sosial məsafəni qoruması və metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilərin qoyulması və digər profilaktik, tənzimləyici tədbirlər istisna olunmur.

Sanitar-profilaktik tədbirlərlə bağlı

1. Dezinfeksiya işləri davam etdirilərək əsaslı və cari olmaqla iki istiqamətdə aparılacaq;

2. Əsaslı dezinfeksiya tədbirləri sərnişin daşınmadığı vaxtlarda təmin olunacaq. Stansiya və qatarların əsaslı dezinfeksiyası müəyyən edilmiş qrafik üzrə təşkil ediləcək. Bu zaman Bakı metropoliteninin və “COVID-19” virusunun xüsusiyyətləri nəzərə alınmaqla seçilmiş geniş spektrli maddədən istifadə olunacaq;

3. Cari dezinfeksiya işləri gündəlik qaydada aparılacaq. Bu işlər stansiyalarda əllə təmas olunan bütün səthlərdə gün ərzində 6 dəfədən az olmamaq şərtilə yerinə yetiriləcək.

4. Qatarlar xətdən depoya texniki baxış, qulluq və xidmət üçün göndərilərkən,depo şəraitində müvafiq sanitar-gigiyenik tədbirlər görüləcək;

5. Bütün sanitar-gigiyenik tədbirlərə, o cümlədən dezinfeksiya işlərinə ən yüksək səviyyədə yoxlama-nəzarət mexanizmləri tətbiq ediləcək.

Ölkəmizdə xüsusi karantin rejimi müddətinin və koronavirus təhlükəsinin davam etdiyi dövrdə Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa olunsa da, “Bakı Metropoliteni” QSC bir daha sərnişinlərinə müraciət edərək, metropolitendən istifadə qaydalarına, metodiki göstəriş və sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə, diqqətli olmağa çağırır.

Unutmayaq, koronavirus təhlükəsinə yalnız birlikdə güclü olub qalib gələ bilərik”.